Məlum olduğu kimi, 2023-cü ildə Heydər Əliyev adına Bakı Neft Zavodunda (BNEZ) "Avro-5” ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzininin istehsalına başlanacaq. Bu barədə Azərbaycan hökumətinin 2022-ci il üzrə hesabatında deyilir.
Qeyd edək ki, bu, əksər dizel avtomobil sürücülərinin çoxdan gözlədiyi xəbərdir. Maraqlıdır, ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzininin istehsalı Azərbaycan bazarında dizel mühərrikli avtomobillərin qiymətinə necə təsir edəcək?
Aslan Əsədov: “Ölkə daxilində ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzininin istehsalı keyfiyyətli olacaq”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzininin istehsalı avtomobil bazarına təsir etməyəcək: “Məlumdur ki, ölkəmizə dizel əsasən idxal olunurdu. Onun da keyfiyyəti heç də yaxşı deyil. Keyfiyyətsiz yanacaq avtomobilin müəyyən hissələrinin sıradan çıxmasına səbəb olur. Hesab edirəm ki, ölkə daxilində ekoloji standartlara uyğun dizel yanacağı və avtomobil benzininin istehsalı keyfiyyətli olacaq. Ancaq bu halın qiymətlərə hər hansı bir təsiri gözlənilmir”.
Eldəniz Cəfərov: “Avro-5” dizelinin istehsalı Azərbaycanda hər hansı bahalaşma səbəb olmayacaq”
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, SOCAR tərəfindən “Avro-5” dizelinin nəhayət Azərbaycanda satışa çıxarılması mühüm hadisədir: “Avro-5” dizelinin istehsalı Azərbaycanda hər hansı bahalaşma səbəb olmayacaq. Belə bir proqnoz yoxdur. Sadəcə dizel mühərrikli avtomobillərə bir qədər tələb arta bilər. Lakin bu o demək deyil ki, tələb artan kimi qiymət yüksələcək. SOCAR-ın istehsal etdiyi “Avro-5” tələblərinə, ekoloji standartlarına cavab verən dizel yanacağı Avropa üçün eyni standarta cavab verəcək”.
Günel CƏLİLOVA