Bakıda bəziərazilərdə zibil qutuları yolun hərəkət hissəsinə və taksi dayanacağına qoyulub. Bundan da ən çox əziyyət çəkən elə sürücülər olur. Zibil qutuları düz avtomobil yolunun hərəkət hissəsinə qoyulub. Baxmayaraq ki, kənarda qutuları qoymaq üçün yer var.
Nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də metrostansiyaların yaxın ətrafında qurulan zibil qutuları onsuz da geniş olmayan ikizolaqlı yollarda günün müxtəlif saatlarında tıxac yaranmasına səbəb olur. Bu mənzərə Bakının Xətai, Nizami və Xəzər rayonlarında daha çox müşahidə edilir. Bu azmış kimi, günün günorta çağı zibil maşınları yolda hərəkəti məhdudlaşdıraraq, istənilən saatda qutuları daşıyır və təmizləyirlər. Yeşiklər insanların toplaşdığı ərazidə olduğundan üfunət ərazini bürüyür.
Aytəkin Kamranqızı: “Metro ətrafında, məktəbin yanında, dayanacaqda zibil konteynerləri qoyulmamalıdır, hər şeydən öncə sakinlərin rahatlığı nəzərə alınmalıdır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, küçələrdəki zibil qablarının sayı azdır: “Zibil sahələri üçün az yerlər ayrılır. Hətta elə yerlər var ki, zibil qabları qoyulur, ancaq düzgün yerdə deyil. Elə yerlər var ki, zibil qabları dayanacaqların düz yanında qoyulur. Bu vəziyyət həm zibil qabına zibil atanların həyatını risqə atır, həm də yolun ortasında zibil qalığının yaranmasına səbəb olur. Zibil konteynerləri üçün ərazi seçilərkən bir neçə amil nəzərə alınmalıdır. Metro ətrafında, məktəbin yanında, dayanacaqda zibil konteynerləri qoyulmamalıdır. Hər şeydən öncə sakinlərin rahatlığı nəzərə alınmalıdır. Avtobus zolağında zibil qabının qoyulması insanların həyatını təhlükəyə salır. Həmçinin, həmin yoldan keçən avtomobillər zibili necə gəldi atırlar. Nəticədə həmin ərazidə xoşagəlməz mənzərə yaranır”.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti: “Paytaxtın bütün rayonlarında konteyner meydançaları mövcuddur”
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən bildirildi ki, paytaxtın bütün rayonlarında konteyner meydançaları mövcuddur. Konteynerlərinin yeri 15-20 il əvvəl dislokasiya olunmuş ərazilərdə yerləşdirildiyindən onların yeri dəyişdirilməyəcək.
Günel CƏLİLOVA