Xəbər verildiyi kimi, martın 28-də Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Bu Qərarla 30 gündən sonra zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılacaq.
Nazirlər Kabineti Qərarın əsas məqsədinin insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək xarakteri daşıdığını bəyan edib. Vurğulanıb ki, sözügedən Qərar ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracaq. Həmçinin yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə Azərbaycanın avtomobil parkı yenilənəcək, yol-nəqliyyat hadisələrinə səbəb olan hallar azalacaq. Ancaq bu qərar ili köhnə olan avtomobillərin qiymətinin artmasına səbəb olacaq. Artıq maşın bazarında köhnə nəqliyyat vasitələrinin qiymətində fərq yaranıb.
“…əhali ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaq”
Nəqliyyat eksperti Ərşad Hüseynov qeyd etdi ki, bu qərardan sonra əhali ölkəmizdə hazırda istismar edilən köhnə avtomobillərdən daha bərk yapışacaq. Çünki onları yeniləmək şansı yeni qərarla xeyli azalmış oldu: “Hazırda nəqliyyat ehtiyaclarını qarşılayan başqa variant da yoxdur. Bu isə köhnə avtomobillərin daha uzun müddət istismar edilməsini stimullaşdıracaq. Bu qərar səmərəli və əlverişli utilizasiya proqramı ilə eyni vaxtda verilsə və icra edilsəydi, köhnə avtomobillərin azalması ehtimalı real olardı. İndiki şəraitdə isə daxili avtoparkda köhnə avtomobillərə ehtiyacın artacağını düşünmək olar. Hətta bu qərar köhnə avtomobillərin bazarda bahalaşmasına da stimul verəcək. Bundan başqa, mobilliyini ictimai nəqliyyat hesabına təmin edə bilməyən insanlar xaricdən nisbətən az istifadə edilən, yaşı 10-dan az olan avtomobil gətirməyə meyllənəcəklər. Onların qiyməti isə daha bahadır. Nəticədə ölkəmizdən xaricə avtomobil alışı üçün valyuta axını arta bilər”.
Günel CƏLİLOVA