“Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Prezident qeyd edib ki, Laçında heç vaxt hava limanı olmayıb və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşdik: "Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı".
“Qarabağ ərazisində hava limanlarının açılmasına geniş yanaşmaq lazımdır, çünki…”
Laçında inşa ediləcək aeroportun strateji əhəmiyyəti haqqında fikir bildirən siyasi şərhçi Mətin Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Laçında açılacaq hava limanının bir sıra strateji əhəmiyyəti olacaq. Məlumdur ki, Laçın Qarabağın qapısı hesab olunur: "Belə bir bölgədə hava limanının açılması olduqca mühüm əhəmiyyət daşıyır. Bəzən cəmiyyətdə Qarabağ ətrafı ərazilərdə aeroportun olmasını bəsit qəbul edirlər. Buna ancaq turistik, iqtisadi nöqteyi-nəzərdən yanaşılır. Ancaq hesab edirəm ki, bu düşüncə yanlışdır. Qarabağ ərazisində hava limanlarının açılmasına geniş yanaşmaq lazımdır. Ilk növbədə hərbi təhlükəsizlik nöqteyi-nəzərindən diqqət etmək lazımdır.
Məlumdur ki, Füzuli və Zəngilanda beynəlxalq hava limanı açılıb. Yaxın bir il ərzində Laçında da hava limanının açılması gözlənilir. Bu hava limanının açılması hərbi təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyətlidir. Həmçinin, Laçın hava limanı həm rayonun, həm də bölgənin sosial-iqtisadi inkişafına kömək edəcək, turizm imkanlarını artıracaq, logistik mərkəzlərin yaradılmasına gətirib çıxaracaq. Nəticə etibarilə daha çox iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun təmin edilməsinə təkan verəcək ".
Günel CƏLİLOVA