Elçin Əfəndi: “Bu gün bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri...”

Uşaq bağçaları ilə zamanla müxtəlif problemlər qeydə alınır. Hazırda uşaq bağçaları ilə bağlı yaşanan əsas problemlərdən biri də həmin müəssisələrdə çalışan işçilərin ali təhsil səviyyəsinə görə lazımi səviyyədə əmək haqqı ala bilməməsidir.
Belə ki, ixtisasca ibtidai sinif müəllimi olan, sonradan bağça müəllimi kimi fəaliyyətə başlayanlar tam şəkildə əmək haqqı ala bilmir. Onların maaşından 76 manat kəsilir. Bu vəziyyətlə üzləşənlər qeyd edir ki, bağça müəllimi üzrə təhsili olmayanların bəziləri işdən çıxarılır, onlara ixtisaslarını dəyişməyə imkan belə verilmir: “Bu qərardan hamı nazarılıq edir. İllərlə bağçalarda çalışan, böyük təcrübəyə və ali təhsilə malik insanları texnikum bitirən gənclərlə əvəz edirlər. Bu proses kütləvi hal alır. Minlərlə təcrübəli, uşaqlar tərəfindən sevilən müəllimələr işdən kənarlaşdırılır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də məlumat vermişik. Lakin onlar bizim şikayətə məhəl qoymurlar, bizi heç dinləmək də istəmirlər”.
- “Bağçada işləyən qeyri-ixtisaslı şəxslərin əmək haqqının tutulması, kəsilməsi doğru deyil və məhkəmə predmeti də ola bilər”
Məsələ ilə bağlı Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Prezidentin sərəncamına əsasən ötən ildən etibarən bağcalar Elm və Təhsil Nazirliyinin sərəncamına verilib: "Təbii ki, söhbət dövlət bağcalarından gedir. Artıq bağçalarda müəllimlərin işə qəbulunun həyata keçirilməsi, eyni zamanda ümumi təhsil proqramı Elm və Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilir. Bu gün bağça müəllimliyi üzrə ixtisası olmayan şəxslər, fərqli-fərqli ixtisas sahibləri, ümumiyyətlə, bağça təhsili ilə bağlı biliklərə malik olmayan şəxslər var. Lakin onların kütləvi işdən çıxarılması yolverilməzdir. Bu məsələdə təcrübə və şəxsi bacarıqlar da nəzərə alınmalıdır. Hazırda bağçada işləyən qeyri-ixtisaslı şəxslərin əmək haqqlarının tutulması, kəsilməsi doğru deyil. Bu halla üzləşən şəxslər hüquqlarının qorunması üçün məhkəməyə müraciət edə bilər”.
Günel CƏLİLOVA