Xalid Kərimli: “Təqaüdçülərin azalmasının əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır”

Azərbaycanda pensiyaçıların sayı azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 114,2 min pensiyaçı qeydiyyatda olub. 2022-ci il yanvarın 1-i vəziyyətinə isə bu rəqəm 1 milyon 200,5 min idi. Beləliklə, pensiyaçıların sayı 86 min 300 nəfər azalıb.
Bəzi ekspertlərin fikrincə, pensiyaçıların sayının azalması 2017-ci ildən başlayaraq pensiya yaşının hər il 6 ay artırılması ilə əlaqədardır.
Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır.
Onu da qeyd edək ki, bu yaxınlarda Hesablama Palatasının məlum mövzu ilə bağlı rəyi açıqlandı. Qeyd edilir ki, pensiyaçıların sayında baş verən azalma 2018-ci ildən başlayaraq müşahidə edilir. Bu da 2017-ci ilin 1 iyul tarixindən "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişiklikdən sonrakı dövrdə pensiya təyinatı üzrə müəyyən edilmiş şərtlərin əvvəlki illərlə müqayisədə sərtləşdirilməsi və nəticədə pensiya hüququ qazanan şəxslərin sayının qeydiyyatdan çıxarılan şəxslərin sayından az olması ilə əlaqədardır.
Hesablama Palatasının rəyinə görə, əlilliyə görə təyin edilmiş pensiya işlərinin sayında müşahidə edilən azalma əvvəlki dövrlərdə barəsində əlillik dərəcəsi müəyyən edilmiş şəxslər tərəfindən əlillik dərəcəsinin qüvvədə olma müddəti başa çatdığı hallarda müddətin artırılması üçün yenidən müraciət edilməməsi, yaxud müraciət edilməsi hallarında isə çox zaman göstəricilərin əlilliyin müəyyən edilməsi üçün əsaslı olmaması səbəbindən əlillik dərəcəsinin ləğv edilməsi və nəticədə pensiya ödənişinin dayandırılması ilə izah oluna bilər.
- “Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub, bu da nəticədə …”
Pensiya alanların sayının nə səbəbdən azalması barədə fikir bildirən iqtisadçı Xalid Kərimli bildirdi ki, təqaüdçülərin azalmasının əsas səbəbi pensiya yaşının kəskin artırılmasıdır: “Məlumdur ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. Başqa sözlə, "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq. Azalmanın digər səbəbi isə saxta və əsassız pensiya işlərinin ləğv edilməsidir. Bu sahədə şəffaflaşma və həmçinin qaydaların sərtləşdirilməsi həyata keçirilib. Əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar pensiyaya çıxmaq qaydalarında da müəyyən sərtləşmə olub. Bu da nəticədə pensiyaçıların sayının azalmasına gətirib çıxardıb”.
Günel CƏLİLOVA