Məktəbli kitablarımızda etikasız şeylər baş alıb gedir…
.jpg?v=1680012712)
Son günlər sosial şəbəkələrdə məktəblilər üçün nəzərdə tutulan kitablarda qeyri-etik məzmunlarla bağlı paylaşımlar edilir. Qeyd edək ki, bu kitabları məktəblilərə müəllimlərin tövsiyə etdiyi iddia olunur. Əlavə dərs vəsaitlərinin məzmununda 18+ məqamların olması, qeyri-etik ifadələrin yer alması valideynlərin narazılığına səbəb olub.
Maraqlıdır, bu tip kitabların çapına nəzarət edən qurum çapdan qabaq məzmunla maraqlanmır? Hər kəs istədiyini yazıb, çap edib, məktəblilər üçün əlavə dərs vəsaiti kimi satışa buraxa bilərmi?
- “Şagirdlərin işləməsi üçün lazım olan oxu materiallarında məktəblilərin yaşı və psixologiyası nəzərə alınmır”
Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, ölkənin orta ümumtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. Təəssüflər olsun ki, şagirdlərin istifadə etdiyi dərs resurslarına, əlavə vəsaitlərə nəzarət yox səviyyəsindədir. Son iki il ərzində dərslik siyasəti ilə bağlı problem yaşanır: “Xüsusən də şagirdlərin işləməsi üçün lazım olan oxu materiallarında məktəblilərin yaşı və psixologiyası nəzərə alınmır. Bu ciddi bir problemdir. Məlum problemin aradan qalxması üçün xüsusi Dərslik Mərkəzi yaradılmalıdır. Orta məktəb şagirdləri üçün nəzərdə tutulan bütün resurslar həmin mərkəz tərəfindən razılaşdırıldıqdan sonra çapa verilməlidir. Ancaq bu gün fərqli mənzərə ilə qarşılaşırıq. İstənilən şəxs hər hansı bir yoxlamadan keçmədən istədiyi vəsaiti nəşr etdirib, dərslik kimi istifadəyə yönəldir. Bu da şagirdlərin ümumi psixologiyasına, düşüncəsinə, hadisələrə baxışına mənfi təsir edir. Təbii ki, bu yaxşı hal deyil”.
Ekspertin sözlərinə görə, ibtidai siniflər üçün tərtib olunan əlavə oxu materiallarında bu istiqamətdə nöqsanlar yetərincədir. Şagirdlər üçün nəşr olunan resurslar nəzarət olunmadan, yoxlanılmadan məktəblilərin önünə gəlir. Bəzən müəllimlərin özləri də buna nəzarət etmir: “Hesab edirəm ki, Dərslik Mərkəzinin mütəxəssisləri bir araya gələrək, şagirdlər üçün çap olunacaq vəsaitlərlə bağlı rəy verməlidirlər. Rəy verilmiş vəsaitlər çapa getməlidir. Burda məsuliyyət məsələsi var. Təəssüflər olsun ki, tədris resurslarının çapı, tərtibi ilə bağlı məsuliyyət yoxdur. Bu sahəyə nəzarət olunmur”.
Günel CƏLİLOVA