Bakının Koroğlu Rəhimov küçəsindəki yerüstü piyada keçidi sökülür. Bu barədə sosial şəbəklərdə görüntülər yayılıb. Qeyd edək ki, keçidin fəaliyyəti şəhər sakinlərinin narazılığına səbəb olmuşdu. Sakinlər keçidin həm lazımsız yerdə inşa edildiyini, həm də üçmərtəbəli olduğu üçün çıxıb-düşməyin çətin olduğunu bildirirdilər.
Məlumata görə, sözügedən yerüstü keçidin tikintisinə Şəhərsalma və Arxitektura Komitəsi rəsmi icazə və Bakı Nəqliyyat Agentliyi razılıq verməyib.
Danılmaz faktdır ki, körpünün tikintisi çox vəsait tələb edir. Körpü və ya hansısa tikilinin sökülməsi isə tikilməkdən daha çox xərc tələb edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi: “Piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:”
Adıçəkilən körpünün nə səbəbdən sökülməsi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib: “Sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq”.
Dilqəm İsmayılov: “Koroğlu Rəhimov küçəsindəki keçid həmçinin səkinin zəbt edilməsi ilə tikilib”
Memar Dilqəm İsmayılovun sözlərinə görə, Koroğlu Rəhimov küçəsindəki keçid həmçinin səkinin zəbt edilməsi ilə tikilib. Bu da piyadalar üçün əlçatan deyil. Bakı şəhərində bütün belə infrastrukturlar ləğv olunmalıdır: “Bu kimi piyada keçidlərinin tikintisinə orta hesabla 1-3 mln manat aralığında vəsait sərf olunur. Bu vəsait istifadə olunan materiallar, quraşdırılan lift və eskalatorlardan asılıdır: “Bu gün normal inkişaf etmiş heç bir ölkədə şəhər içi yeraltı və yerüstü keçidlər tikilmir. Çünki piyadalar əsas prioritet kimi götürülür. Daha sonra az mobilli insanlar – velosiped, skuter və s. istifadəçiləri, ictimai nəqliyyat, ən sonda isə şəxsi avtomobillər gəlir. Bizdə isə şəhəri avtomobil yönümlü tikmək istəsələr də, bunun da öhdəsindən gələ bilmirlər
Onu da deyim ki, bu top keçidlər baha başa gəlməklə bərabər, onların saxlanmasına da xərc tələb olunur. Liftlərin, eskalatorların saxlanması, keçidin təmizlənməsi, işıqlandırma xərcləri mövcuddur. Bu ödənişlər də büdcə hesabına edilir. Avropa şəhərlərində bu xərclər dövlət büdcəsinin vəsaiti hesabına deyil, hər şəhərin öz büdcəsi hesabına edilir. Şəhər bələdiyyələri də belə səmərəsiz xərclərə yol vermir”.
Günel CƏLİLOVA