10/06/2023 21:44
728 x 90

Lerikdə dağ kəndlərinin hətta bulaqları da çəpərlənir...

img

Bahar öz gəlişi ilə Lerik rayonunun dağ kəndlərində çoxdan ənənə şəklini almış “çəpərlənmə əməliyyatına” start verilib. Belə ki, bir neçə gündür, bəzi qoluzorlular əhaliyə məxsus istənilən torpaq sahəsini heç nədən çəkinmədən çəpərə salırlar. Ən qəribəsi odur ki, onların arxasında duranlar dövlət idarələrində çalışan məmurlardır. Məhz buna görə də təbiətə qarşı sonu bilinməyən amansızlığa etirazını bildirənlər əli baltalıların asıb-kəsmək hədəsi ilə susdurulur.

İndi rayonun əksər kəndlərində vəziyyət dediyim şəkildə davam edir. Yamaclar, dərə kənarları, su hövzələri, mal-qaranın otlaq sahələri, hətta yollar özbaşına çəpərlənir. Mənzərə olduqca dəhşətlidir. Özü də çəpər sahiblərinin çoxu rayon qeydiyyatında olmaqla Bakının Binə qəsəbəsində  yaşayır. Lazım olan vaxtı kəndə gəlir, gəldiyi yeri ağlar günə qoyurlar. “Çəpərləmə əməliyyatı” nın acı nəticəsidir ki, on bulağı olan kənd hazırda su sarıdan əziyyət çəkir. Belə ki, zəncirlənmiş bulaqdan əhali istifadə edə bilmir, aylarla səmərəsiz axan su  üstəlik eroziya yaradır. Rayonda kəndlinin haqq səsini eşitmək əvəzinə, çəpər sahiblərini müdafiə edirlər. Bu ədalətsizliyə görə çəpərlərin ərazisi daha da genişlənir. Hələ pul verib hektarlarla meşələrə sahib çıxanları demirəm.

Sözün qısası, çəpər sahiblərinin təbiəti qəfəsə salmaqda əsas məqsədləri xalqın sərvətini istədiyi şəkildə mənimsəməkdir. Artıq qəddarlığın acı nəticələri özünü göstərir. Təbiətin insanlara bəxş etdiyi gözəllik məhv olur və qarşıda faciələr gözlənilir. 

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Peşə etikası

Son xəbərlər