Bölgələrin əksəriyyətində müəllim qıtlığı təhsilimizin əsas problemlərindən biridir. Təhsil səviyyəsinin yüksəldilməsi, o cümlədən müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılsa da, bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllim çatışmazlığı hələ də özünü qabarıq şəkildə göstərməkdədir.
Müəllim problemi olan bölgələrdən biri də Lerik rayonunun Vov kəndidir. Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi ixtisası üzrə müəllim yoxdur.
Həqiqətən də kəndlərdə həkim, müəllim çatışmazlığı ilə bağlı problemlər var. Həmin peşə sahibləri vakant yerlərdə rayonları seçmək istəmirlər. Bu da təbii olaraq mənfi haldır. Oradakı insanlara tibbi kömək əlçatan olmur, şagirdlər də təhsildən geri qalır. Bilirik ki, gerilik, cəhalət daha çox kəndlərdə olur. Cahilliyin də qarşısını almaq üçün təhsil almaq mühüm şərtlərdən biridir. Təəssüf ki, şagirdlərin savadlanmasının əsas vasitəçisi olan müəllimlər rayon kəndlərində kifayət qədər deyil.
Kamran Əsədov: “Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi fənlərini digər qeyri-ixtisas fənn müəllimləri tədris edir”
Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Nazirlər Kabinetinin 2010-cu il 103-nömrəli qərarı ilə Vov kənd ümumi orta məktəbində kimya, fizika, biologiya və musiqi fənlərini digər qeyri-ixtisas fənn müəllimləri tədris edir: “Məktəbin 7 sinfində 45 şagird, 13 müəllim var. Məlum problemə biganə yanaşan isə Lənkəran-Astara Regional Təhsil İdarəsidir. Bu idarənin rəhbəri, əməkdaşları deyəsən fəaliyyətin tort kəsmək, şəkil çəkdirməkdən ibarət olduğunu düşünür. Valideynlər bu problemlə çoxlu sayda narazılıq edir. Şagirdlərə dərs keçilmir”.
Aytəkin Kamranqızı: “Bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçəsini də tədris edir, nəticədə…”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçəsini də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür. Şagirdlər və valideynlərin narazılığı yaranır. İstər Bakıda, istərsə də regionlarda rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur: “Regionlarda müəllim çatışmazlığını aradan qaldırmaq, yüksək bal toplayan gənc müəllimləri regionlara cəlb etmək üçün onlar kommunal xərclərdən azad edilməlidir. Cəbhəyanı ərazilərdə işləməyə gedənlərə isə əmək haqqını iki qat vermək lazımdır”.
Günel CƏLİLOVA