Müsəlman Şərqinin dünyaya bəxş etdiyi mütəfəkkirlər sırasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin xüsusi yeri var. Özündən əvvəlki dövrlərdə yaşamış filosofların, elm və sənət dahilərinin ən mütərəqqi cəhətlərini mənimsəyən Nizami Gəncəvi, geniş və zəngin yaradıcılığı ilə özündən sonrakı uzun dövr ərzində bir çox millətləri təmsil edən şairlər, alimlər və digər sənət adamları üçün nümunə və örnək olub.
Məlumdur ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Ancaq vikipediyada Nizami Gəncəvinin anadan olduğu yer Gəncə yox, Yelizavetpol quberniyası göstərilib. Tarixdən də məlumdur ki, Yelizavetpol quberniyası 1867-ci ildə yaradılıb. Belə olan halda necə olur ki, Nizami Gəncəvi Yelizavetpol quberniyasında anadan olsun?
Maraqlıdır, bu kimi məsələlər araşdırılmadan necə qeyd edilir?
Faiq Ələkbərli: “Tək Nizami Gəncəvi məsələsində deyil, böyük mütəfəkkirlər və ya Azərbaycan xalqı ilə bağlı məlumatlar dəfələrlə təhrif olunur”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vikipediyaçıların milli şüur məsələsində problem var. Bu kimi faktlar dəfələrlə aşkar olunub: “Tək Nizami Gəncəvi məsələsində deyil, böyük mütəfəkkirlər və ya Azərbaycan xalqı ilə bağlı məlumatlar dəfələrlə təhrif olunur. Ümumiyyətlə, vikipediyada dil, milli kimlik, tarix, coğrafiya və digər məsələlərlə bağlı kifayət qədər problemlər var. Bu səbəbdən də Nizami Gəncəvinin anadan olduğu yerin Yelizavetpol quberniyası yazılmasına təəccüblənmirəm. Onu da deyim ki, məlum problemlərin yaranmasının müxtəlif səbəbləri var. İlk səbəb təsadufi insanların belə işdə çalışmasıdır. Həmçinin, Azərbaycan vikipediyası adı altında çıxış edənlərin bəzisinin nəyə xidmət etdiyi bəlli deyil. Bəzən onlar milli məsələlərlə bağlı mövzuya çox laqeyd yanaşır. Xüsusən də türk kimliyi, varlığı ilə bağlı mövzulara qərəzlə yanaşılır. Bir çox hallarda öz iradlarımızı bildirmişik. Bizim irad və təkliflərimiz bəzən nəzərə alınır, bəzən isə…”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu kimi mövzularla bağlı narazılıq etdiyi üçün onun vikipediyadakı şəxsi səhfəsi də silinib.
Tarixçi alim ümid edir ki, vikipediyada quru faktlara deyil, milli ideoloji cəhətə nəzarət olunmalıdır. Bu sahədə ən ciddi problem milli ideoloji nəzarətin olmamasıdır: “Bu iradım əsasən özümüzünkülərə aiddir. Düşmənlərin işi bəllidir. Vikipediya təmsilçilərinin bəzisində milli şüur, milli ruh yoxdur. Azərbaycançılıq, türkçülük, islam və dövlətçiliyə baxışda lazımi münasibət görülmür. Bu kimi problemlərin qarşısını almaq üçün aidiyyatı qurumlar nəzarət mexanizmi tərtib etməlidir. Ciddi nəzarət olunarsa vəziyyət başqa cür olar”.
Araz Yaquboğlu: “Nizami Gəncəvi ilə bağlı qeydə alınan hal yaranan problemlə bağlıdır, gün ərzində həll ediləcək”
Azərbaycandilli Vikipediyanın idarəçisi Araz Yaquboğlu “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Vikipediyada viki verənlər var. Yəni məlumat bazasından bütün vikipediyalara məlumat ixrac olunur. Lokal vikipediyalar da həmin məlumatları ixrac edir. Nizami Gəncəvi ilə bağlı qeydə alınan hal yaranan problemlə bağlıdır. Gün ərzində həll ediləcək”.
A.Yaquboğlu onu da bildirdi ki, Vikipediya heç kimə aid deyil, istənilən şəxs orda redaktə edə bilər: “Məlum faktı görən şəxslər 3 dəqiqəsini ayırmaqla bu problemi həll edə bilər. Onu da deyim ki, biz burda könüllü çalışırıq. Könüllü şəkildə bu işlə məşğul oluruq”.
Günel CƏLİLOVA