“Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub”. Bunu Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib. O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur: “Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır”.
Maraqlıdır, dövlət imtahanının ləğv edilməsindən sonra onu hansı sistem əvəz edəcək?
“IV kursda I kursdan tədris edilən fənlərdən imtahan vermək, universitetin öz təşkil etdiyi imtahanına etimadsızlığının göstəricisidir”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, ali təhsil müəssisələrində dövlət imtahanı indi yox, 2020-ci ildə ləğv olunub: “Yəni 2020-ci ildən etibarən 2020-2021, 2021-2022-ci tədris ilində ali məktəbə qəbul olanlar dövlət imtahanı verməyəcək. Bu il 3 və 4-cü kurslar axırıncı dəfə dövlət imtahanı verəcəklər. Yəni Azərbaycanda dövlət imtahanı əslində 2020-ci ildən ləğv olunub. Bu çox yaxşı haldır”.
Ekspertin fikrincə, dövlət imtahanı çox mənasız idi: “IV kursda I kursdan tədris edilən fənlərdən imtahan vermək, universitetin öz təşkil etdiyi imtahanına etimadsızlığının göstəricisidir. Bu fəndən vaxtilə imtahan verib qiymətini alan tələbə niyə yenidən eyni imtahanı verməlidir ki? Bu da sonradan, bir çox hallarda korrupsiya, əsassız pul tələbi kimi neqativ hallara gətirib çıxarır. Təbii ki, bu da xoşagəlməz vəziyyətdir.
Məlumdur ki, Azərbaycan 2005-ci ildən boloniya sisteminə qoşulub. Bizim ali təhsil müəssisələrimiz beynəlxalq məzmun standartlarına uyğun gəlmirdi. Məhz buna görə də ali təhsil müəssisələri bu yeniliyi etməli idi. Digər tərəfdən də, ciddi neqativ halların baş verməsinin şahidi olurduq. Bir daha qeyd edirəm ki, universitetdə əsassız pul tələbləri və yaxud da süni şəkildə tələbələri kəsirdilər ki, pul alsınlar. Bütün hallarda təhsil sisteminin standartlaşdırılması, beynəlxalq rəqabətlilik baxımından bu proses zəruri idi”.
Ekspert hesab edir ki, gələcəkdə diplom qiymətləndirilməsi ÜOMG əsasında həyata keçiriləcək. Bu da kifayət qədər yaxşı haldır. Çünki tələbələr sonuncu kursda istehsalat təcrübəsinə gedirlər. Tənzimlənmək hüququ baxımından isə hesab edirəm ki, ali təhsil müəssisələri neqativ hallara yol verməyəcəklər.
Günel CƏLİLOVA