Bu ildən ali təhsil müəssisələrinin akkreditasiyasına başlanılır. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
Nazir bildirib ki, akkreditasiyadan keçə bilməyən ali təhsil müəssisələrinə bir il vaxt veriləcək: “Ali təhsil müəssisəsi bir ildən sonra da akkreditasiyadan keçə bilməsə, ali təhsil müəssisəsinin lisenziyası ləğv ediləcək”.
Maraqlıdır, ali təhsil müəssisələrinin akkreditasiyası təhsilin keyfiyyətinə necə təsir göstərəcək və bu proses necə aparılacaq?
“Qarşıdaki dövrdə həmin universitetlər əgər lisenizya və yaxud akkreditasiyadan keçməzlərsə, diplomları tanınmaya bilər”
Təhsil eksperti Nizami Hüseynov qeyd etdi ki, ali məktəblərin akkreditasiyasının keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu, ali təhsil müəssisələrinin keyfiyyət təminatını, dərsliyin vəziyyətini, universitetlərin pedaqoji heyətini monitorinq etmək məqsədi daşıyır: "Bizim ali təhsil müəssisələrimiz Avropa məkanına inteqrasiya edirlər. Bu yaxınlaşmanın səviyyəsinin ölçülməsi vacibdir. Akkreditasiya geniş fəaliyyəti özündə birləşdirəcək. Bu həm ali təhsil müəssisələri arasında rəqabət mühitini formalaşdıracaq, həm də universitetlərin durumu ortaya çıxacaq. Konkret indikatorlar tətbiq olunmaqla prosesin həyata keçirilməsi akkreditasiyanın şəffaflığını təmin edərək çatışmazlıqları üzə çıxardacaq. Bununla universitetlər öz gələcək hədəflərini müəyyən edə biləcəklər".
Ekspertin sözlərinə görə, bəzi universitetlər dövlət tərəfindən lisenziyalaşdırılmayıb, akkreditasiya olunmayıb: “Nəzərə alsaq ki, faktiki olaraq ölkədə 55-dən çox ümumi universitet və həmçinin bir o qədər orta təhsil ixtisas müəssisəsi, kolleclər var. Bunların hər birindən də tələb olunur ki, akkreditasiyadan keçsinlər və lisenziyaları olsun. Əlbəttə, qarşıdaki dövrdə həmin universitetlər əgər lisenizya və yaxud akkreditasiyadan keçməzlərsə, diplomları tanınmaya bilər. Eyni zamanda orada təhsil alan tələbələr, təbii ki, universiteti bitirdikdən sonra diplomlarını tanıtdıra bilməyəcəklər. Belə olan halda həm orta ixtisaslı təhsil müəssisələri, həm də ali təhsil müəssisələri mütləq qaydada akkreditasiyadan keçməli və lisenziyalarını almalıdırlar”.
Günel CƏLİLOVA