Bu ilin 10 ayı ərzində paytaxt ərazisində uşaqların iştirakı ilə 63 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 19 uşaq dünyasını dəyişib, 51 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların iştirakı ilə baş verən yol qəzalarının, həmçinin bu qəzalar nəticəsində ölən və yaralanan uşaqların sayı artıb: "Bu, artıq həyəcan siqnalının verilməsi deməkdir. Uşaqlar bizim gələcəyimizdir. Yollarda uşaqların həyatlarının təhlükə altında olması hər birimizdə böyük narahatlıq doğurmalıdır”.