25/02/2020 04:09
728 x 90

Azərbaycanın hərbi arsenalında yeni Rusiya, Belarus, Ukrayna, İsrail, Türkiyə, Pakistan, Çin və Fransa silah-sursatları…

img

Ötən il ərzində Ermənistan hakimiyyətinin mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində hansısa irəliləyiş əldə olunmadı.  Car il ərzində də səslənən fikirlərdən belə məlum olur ki, İrəvan məsələnin dinc müstəvidə həllinə hələ də yaxınlıq vermək istəmir. Təbii ki, bu hal problemin hərbi həll ehtimalını kifayət qədər yüksəldir. Bu durumda Azərbaycanın öz ordusunu daha da gücləndirməsi tamamilə təbii sayılır.

Ümumiyyətlə, cari il ərzində Azərbaycan ordusunun silahlanması ilə bağlı kifayət qədər mühüm addımlar atılması gözlənir. Yəni bu il də Azərbaycan ordusunun mütəmadi olaraq müasir və yüksək potensiala malik silah və texnikalarla təmin edilməsi proqnolaşdırılır. Bununla bağlı Rusiya, Belarus, Ukrayna, İsrail, Türkiyə, Pakistan, Çin və Fransa ilə müəyyən danışıqlar aparılır və hətta onların bəziləri yekunlaşıb. Digər tərəfdən məlumdur ki, bu gün Azərbaycan ordusu yüksək döyüş hazırlığına malikdir. Ordumuzda böyük sayda  şəxsi heyətin cəlb edilməsi ilə irimiqyaslı təlimlər keçirilir. Həmin təlimlərdə qarşıya qoyulan məqsədlərə təlim iştirakçıları və təşkilatçılar tam şəkildə nail olurlar. Onu da xatırladaq ki, Azərbaycan ordusunun şəxsi heyətinin 70 faizindən çoxu müqavilə əsasında müddətdən artıq xidmət edənlərdən ibarətdir. Yəni şəxsi heyət daha çox professional hərbçilərdən ibarətdir. Belə vəziyyətdə, aydındır ki, ölkənin müdafiə qabiliyyətini təmin etmək üçün hərbi-siyasi, iqtisadi baxımdan Azərbaycanın imkanları Ermənistanın reallıqlarından xeyli yüksəkdir. Aydın məsələdir ki, Azərbaycan bu mövqeyini qorumaq üçün bundan sonra da yeni hərbi texnika alışını davam edəcək. Bununla belə, Ermənistan Azərbaycanla silah yarışında iştirak etmək üçün hər cür cəhdlər edir. Amma rus hərbi ekspert Maksim Şepovalenko bildirir ki, Ermənistanın cəhdləri əbəsdir. O bu xüsusda “media” portalına açıqlamasında bildirir ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, Rusiyadan daha çox həcmdə silah alır.  2020-ci ildə Azərbaycan və Rusiyanın hərbi-texniki əməkdaşlığının perspektivləri də kifayət qədər yüksəkdir: “Bu mövzunun qapalı olması səbəbindən 2020-ci ildə məhz hansı silah sistemlərinin Rusiya-Azərbaycan əməkdaşlığının mövzusu ola biləcəyini söyləmək çətindir. Bir şeyi çox böyük əminliklə ifadə etmək olar - ikitərəfli hərbi-texniki əməkdaşlıq gələcək üçün maliyyələşdirmə baxımından böyük ehtiyata malikdir. Prezident İlham Əliyevin ötən ilin oktyabrında Soçidə verdiyi açıqlamadan sonra Rusiya hələ Azərbaycana təxminən 2 milyard dollar dəyərində müqaviləli silah, hərbi və xüsusi texnika tədarük etməlidir. Bu fonda, Ermənistanın xüsusi əmlakının 2015 və 2017-ci illərdə təsdiq edilmiş iki kredit xətti çərçivəsində təchizatı cəmi 300 milyon ABŞ dolları təşkil edir. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlət kimi Ermənistana qiymət amilini nəzərə alsaq belə, 2 milyard və 300 milyon arasında fərq göylə yer qədərdir. Təchizat siyahısına gəldikdə, “4 ++” nəsil “Su-30SM” ağır qırıcılarının Ermənistanda görünməsini nəzərə alsaq, Azərbaycanın da eyni sinif, ən azı eyni nəsil, hətta daha yüksək nəsil Rusiya təyyarələrilə maraqlanması təəccüblü olmaz.

Keçən il ikitərəfli hərbi-texniki əməkdaşlığın daha bir vacib istiqaməti - Azərbaycanda Rusiya silahlarına, hərbi və xüsusi texnikaya sertifikatlaşdırılmış xidmət mərkəzlərinin yaradılması təyin edildi. Bu fəaliyyət hazırda helikopter və avtomobil texnologiyasını əhatə edir. Rəsmi olaraq mülki operatorlar arasındakı əməkdaşlıqdan bəhs etsək də, helikopter və avtomobil, eləcə də radar texnikalarının ikili tətbiqlərə sahib olması heç kimə sirr deyil. Bu istiqaməti mən hətta birbaşa tədarükdən daha əhəmiyyətli sayıram, çünki burada milli sənaye bazası və onun kadr komponenti formalaşır”. 

Ümumiyyətlə, qarşıdakı dövr ərzində də Azərbaycan özünün hərbi potensialını və silahlı qüvvələrinin döyüş qabiliyyətini daha da artırmaq istiqamətində müvafiq addımlar atmağa hazırlaşır. Onun aldığı silahlar təkcə effektli müdafiəni deyil, eyni zamanda, uğurlu hücum taktikasını özündə ehtiva edir. Ən önəmlisi odur ki, iqtisadi tənəzzül içində olan kasıb Ermənistandan fərqli olaraq, Bakı silahlanma siyasətini şaxələndirmək imkanına malikdir və bu yöndə imkanlarını ilbəil artırır. Paralel surətdə özünün hərbi-sənaye kompleksini gücləndirir. İndi ordumuzun silah arsenalında yerli istehsal olan xeyli sayda silahlar var və onların sayı artmaqda davam edir.

Tahir TAĞIYEV

Son xəbərlər