Xətai rayonunda yerləşən marketlərin birindən oğurluq edilib. Mağaza sahibi Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə müraciət edərək, marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanıb. Qrupun digər üzvü, paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində cəza çəkir.
Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev dam hissədən daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər.
Pulu ələ keçirəndən sonra saxlanan şəxslər izi itirmək məqsədilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları tərəfindən həmin seyf atıldığı yerdən tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı saxlanan şəxslər barəsində Xətai Rayon Polis İdarəsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.