Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək, martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salındığı, 50-dən çox məzar daşının yaxınlığında olan güldanlarının isə qırıldığını bildiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanıb. 2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.