Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdiyi növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Sabirabad rayon sakinləri Azər İsmailov və tanışı Nadir İsmayılov saxlanıb. Onların əlində olan 3 ədəd bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 490 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanan şəxslər narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından Biləsuvar rayonu ərazisində əldə edib. Onlar tiryəki satmaq niyyətilə yaşadıqları Sabirabad rayonuna aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıblar.
Faktla bağlı saxlanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.