Akif Nəsirli: “Bir çox iri otel obyektləri eyni qruplara və ya bir-biri ilə əlaqəli strukturlara məxsusdur”
Azərbaycanda ötən il otel otaqlarının 75 faizindən çoxu boş qalıb. Ötən il mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7% artaraq 4 milyon 569,5 min olub.
Gecələmələrin ümumi sayının 58,9%-i Bakıda, yerdə qalan hissə isə digər şəhər və rayonlardakı otellərdə qeydə alınıb. Üstəlik, 2025-ci ildə otellərin gəlirləri 2024-cü illə müqayisədə 5,9% azalaraq 653 milyon manat olub.
Maraqlıdır, əgər otaqların 75 faizi il ərzində boş qalırsa, o zaman otellər necə rentabelli işləyə bilir? Digər tərəfdən, əgər bir belə otaq boş qalırsa, o zaman qiymətlər niyə aşağı salınmır?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycanda otel sektorunun bu vəziyyətdə olmasının əsas səbəblərindən biri bazarda real rəqabətin zəif olmasıdır. Bir çox iri otel obyektləri eyni qruplara və ya bir-biri ilə əlaqəli strukturlara məxsusdur. Bu isə klassik inhisar olmasa belə, “razılaşdırılmış bazar davranışı” yaradır: qiymətlər kəskin şəkildə aşağı salınmır, çevik endirim siyasəti formalaşmır və bazar özünü təmizləyə bilmir. Normal rəqabət mühitində doluluq bu qədər aşağı olduqda qiymətlər avtomatik enməli idi, amma bizdə bu mexanizm işləmir. Digər mühüm məsələ odur ki, otelçilik biznesinə çox vaxt peşəkar turizm menecerləri deyil, inzibati resurslara malik olan indiki və ya keçmiş məmurlar daxil olub. Bu obyektlərin bir hissəsi klassik kommersiya məntiqi ilə yox, daha çox “kapitalın saxlanılması”, “status” və ya pulların leqallaşdırılması aləti kimi idarə olunur. Belə olanda əsas məqsəd maksimum səmərəlilik və doluluq yox, obyektin mövcudluğunu qorumaq olur. Zərər belə müəyyən müddət dözülən hal sayılır, çünki sahib üçün otel yeganə gəlir mənbəyi olmur. Peşəkar idarəetmənin zəifliyi də qiymət siyasətinə təsir edir. Gəlir menecmenti, dinamik qiymətləmə, mövsümə və tələbatın real səviyyəsinə uyğun çevik tariflər çox oteldə ya formal mövcuddur, ya da ümumiyyətlə tətbiq edilmir. Nəticədə otaqlar boş qalır, amma qiymətlər bazarın reallığına uyğunlaşmır. Sərhədlərin, xüsusilə quru sərhədlərin bağlı qalması isə otel sektoruna birbaşa və ciddi zərbə vurur. Region otellərinin əsas müştəri bazası olan qonşu ölkələrdən gələn orta gəlirli turist axını kəsilib. Hava yolu ilə gələn turistlər daha azdır, daha baha başa gəlir və adətən daha qısa müddət qalırlar. Bu isə nə doluluğu, nə də əlavə xidmətlərdən əldə olunan gəliri artıra bilmir. Daxili turizm bu boşluğu doldurmaq gücündə deyil, çünki əhalinin alıcılıq qabiliyyəti məhduddur. Bütün bunların üzərinə 2025-ci ildə gəlirlərin azalmasını da əlavə etdikdə mənzərə daha da aydınlaşır: sektor real bazar mexanizmləri ilə deyil, inzibati üstünlüklər, zəif rəqabət və qeyri-peşəkar idarəetmə hesabına ayaqda qalır. Bu model isə uzunmüddətli perspektivdə nə qiymətlərin sağlam formalaşmasına, nə də xidmət keyfiyyətinin yüksəlməsinə imkan verir”.
Vidadi ORDAHALLI