Ağ Ev Rusiya da daxil olmaqla başqa ölkələrə, Venesuelaya hərbi ehtiyat göndərməmələri barədə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, milli təhlükəsizlik müşaviri Con Bolton bu bəyanatı ABŞ prezidenti Donald Tramp Rusiyanın Venesueladan “çıxmalı olduğunu” deməsindən iki gün və Rusiyanın hərbi personalının Venesuelaya daxil olmasından sonra edib.
Bolton bunun Rusiya üçün ağır nəticələrinin olacağını deyib. “Qərb yarımkürəsindən olmayan xarici aktyorların Venesuelaya hərbi qüvvə göndərməsinə qarşı xəbərdarlıq edirik" deyən Bolton buna görə, Maduronu günahlandırıb: “Maduro bu hərbi dəstəkdən yalnız Venesuela xalqını təqib etmək, Venesuela iqtisadiyyatını məhv edən iqtisadi böhranı davam etdirmək və regional sabitliyə təhlükə yaratmaq üçün istifadə edəcək”.
Bolton, Venesuela ordusunu Venesuela vətəndaşlarını müdafiə etmək öhdəliyini yerinə yetirməyə çağırıb.
Ağ Evin milli təhlükəsizlik müşaviri həmçinin deyib ki, Birləşmiş Ştatlar “Qərb yarımkürəsindən olmayan ölkələri Venesuela və ya bu yarımkürədəki hər hansı başqa yerə hərbi ehtiyat göndərməməsinə qarşı xəbərdarlıq edir. Bəyanatda bu cür addımların regional təhlükəsizliyə qarşı “birbaşa” təhlükə olaraq görüldüyü deyilir: “ABŞ olaraq Qərb yarımkürəsində maraqlarımızı qorumağa davam edəcəyik”.