“İslam dövləti” (İŞİD) terrorçu təşkilatının liderləri Suriyada məğlubiyyətdən sonra MDB ölkələri ilə maraqlanmağa başlayıblar. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya DİN-in Ekstremizmə qarşı Mübarizə Baş İdarəsinin rəisi Oleq İlyinıx deyib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşması ümumdünya terror şəbəkəsi yaradılması üzrə planlarını həyata keçirmək istəyir: “Rusiyada qadağan edilmiş “İslam dövləti” terrorçu təşkilatının üzvləri bütün dünyada terror hücumları təşkil edə bilən ümumdünya terror şəbəkəsinin, fürsət gözləyən özəklərin yaradılmasına dair planlar qururlar. Xilafətin Suriya və İraqda strateji məğlubiyyəti “İslam dövləti”nin Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistana maraq göstərməsinə gətirib çıxarıb”.
Əfqanıstanın MDB və Mərkəzi Asiya ölkələri ilə həmsərhəd olan şimal əyalətində taliblərin və İŞİD silahlılarının mövqelərinin möhkəmləndiyini vurğulayan O.İlyinıx daha sonra deyib: “Suriya, İraq və Əfqanıstanda İŞİD-in tərəfində minlərlə MDB vətəndaşı döyüşdüyü, onların öz ölkələrinə qayıtmaq istəməsi labüd olduğu üçün bu proseslər xüsusi təhlükə kəsb edir. Belə halları nəzərə alaraq, biz diqqəti ŞƏT, MDB və BRİKS çərçivəsində tərəfdaşlarla qarşılıqlı fəaliyyət üzərində cəmləyirik”.