İranda hicaba dəstək layihəsi çərçivəsində hicabsızlara hər hansı güzəşt nəzərdə tutulmayacaq, lazım gəldiyi halda pasportları əllərindən alınacaq. Bunu İran parlamentinin mədəniyyət komitəsinin üzvü Əmir Hüseyn Bankipur İran parlamentində hazırlanan “hicab mədəniyyətinin inkişaf etdirilməsi yolu ilə ailəyə dəstək” layihəsi ilə əlaqədar açıqlamasında deyib.
O qeyd edib ki, hicabla əlaqədar layihə təsdiqləndikdən sonra Daxili İşlər Nazirliyinə təqdim olunacaq. İranın Daxili İşlər Nazirliyi ölkədə əlaqədar orqanlara nəzarət edir və hər hansı qanunsuzluq baş verərsə, sərt cəzalar nəzərdə tutulub: "Hicaba riayət etməyənlərin 80-90 faizi ilk cəza tədbirlərindən sonra geri çəkilir. Hicaba riayət etməyənlərə qarşı ilkin cərimə olaraq 60-240 milyon rial (təxminən 1,42 min – 5,7 min dollar) nəzərdə tutulub. Hicab qarşısında məqsədli şəkildə inadkarlıq edən şəxslərin dərhal saxlanılması və həbs olunması nəzərdə tutulub".
Beləliklə, İranda hicab qaydaları daha da sərtləşdirilir. Hicab taxmayanların şəxsiyyət vəsiqələri əllərindən alınacaq.
"Əhali zorakılıq yolu ilə hansısa qaydalara tabe olmaq istəmir, artıq sübut olundu ki, əhali ilə rejim arasında uçurum yaranıb"
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ötən ilin sentyabr ayında hicaba qarşı başlayan etiraz aksiyası ölkədəki bir sıra mətləblərə aydınlıq gətirdi. Etiraz aksiyası iştiraklarının əksəriyyətinin qadın olması bunu təsdiqləyir: İran hakimiyyəti hazırkı vəziyyətin heç də xoş olmadığını anlayır. Məlum olub ki, cəmiyyət mövcud rejimi sevmir. Cəmiyyət dəyişikliklər tərəfdarıdır. Əhali zorakılıq yolu ilə hansısa qaydalara tabe olmaq istəmir. Artıq sübut olundu ki, cəmiyyətlə rejim arasında uçurum yaranıb".
Həmsöhbətimiz onu da əlavə etdi ki, artıq xanımlar bu istiqamətdə qələbə qazandılar. 44 il öncə əldən verdikləri mövqeyi bərpa etdilər. Çünki inqilabın ilk illərində iranlı xanımlar hicaba qarşı çox böyük müqavimət göstərmişdilər: "İran hakimiyyəti bilir ki, hicabın sıradan çıxması, ləğv edilməsi rejimin sonu deməkdir. Bu səbəbdən də rejim özünü qorumaq üçün hicab qanunlarını sərtləşdirilməyə üstünlük verir. Ancaq hesab etmirəm ki, cəmiyyət buna razı olacaq, əksinə, narazılıqlar daha da artacaq. Hicaba görə pasport qadağasının tətbiqi heç bir nəticə verməyəcək".
Günel CƏLİLOVA