Rusiyada dövlət çevrilişinə cəhd edən muzdlu qrup “Vaqner”dən sonra Vladimir Putin yeni planı həyata keçirməyə hazırlaşır. İddialara görə, Putin oxşar qiyamın qarşısını almaq üçün özəl hərbi şirkətlərdən ibarət şəbəkə yaradıb.
Rusiyada orduya çağırış yaşının artırılmasını nəzərdə tutan yeni qanun layihəsində hərbi şirkətlər və silahlı qruplaşmaları əhatə edən maddələr var.
Britaniyanın “The Daily Beast” nəşri yazır ki, “özəl qurumlar” kimi tanınan hərbi şirkətlər ictimai asayişi, Rusiya sərhədlərini qorumaq və təxribat cəhdlərinin qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi tərəfindən silahlandırılacaq. Layihədəki maddədə xüsusi təyinatlı hərbi hissələrin vilayət qubernatorlarının tabeliyində olacağı və Putinin əmri ilə hərəkət edəcəyi bildirilir.
Keçmiş Kreml rəsmisi Nikolay Sokov “The Daily Beast”ə bildirib ki, yeni təşəbbüs Putinin müdafiəsini gücləndirmək məqsədi daşıyır: "Ukrayna hərbi kəşfiyyatının çox aktiv gizli fəaliyyətini nəzərə alsaq, bu addım vacibdir. Lazım gələrsə, onlar yeni qiyamın qarşısını da ala bilərlər".
Məlumdur ki, Rusiyada artıq milli qvardiyası var və Putinin təhlükəsizliyi də müxtəlif qurumlar tərəfindən təmin edilir. Yeni hərbi qrupun hərbi və kəşfiyyat qurumunun hansı pillələri ilə qarşılıqlı əlaqədə olacağı isə hələlik bəlli deyil.
Qanun layihəsinə görə, xüsusi hərbi qruplaşmalar müqavimət olmadığı halda kütləyə qarşı güc tətbiq edə bilməyəcək, həm dəniz altından, həm də havadan hücumlar həyata keçirəcəklər.
Tahir TAĞIYEV