Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

Son illərdə Azərbaycanda ucuz dərman vasitələrinin qiymətində kəskin artım müşahidə olunur. Qiyməti ucuz, münasib olan dərmanların bahalaşmaqla yanaşı, satışdan da yığışdırılır.
Elə dərman preparatları var ki, apterlərdə limitlə, tək-tək satılır. Məsələn, yod, aktivləşdirilmiş kömür tabletinin limitlə satılır. Bununla bağlı sosial şəbəkədə narazılıqlar artır.
Analitik Ekspertiza Mərkəzi: “Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir”
Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən (AEM) “Bakı-Xəbər”ə bildirildi ki, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir: “Eyni zamanda, dərman istehsalı ilə məşğul olmaq azad sahibkarlıq fəaliyyəətidir və hər bir sahibkar istehsal edəcəyi məhsulların seçimində sərbəstdir. Ölkədə bir neçə özəl dərman istehsalçısı fəaliyyət göstərir və onların fəaliyyəti İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında həyata keçirilir".
Pərvanə Mustafayeva: “Dərman idxalında monopoliya olmamalıdır”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dərman idxalında monopoliya olmamalıdır. Çünki o dərmanları almağa pul lazımdır: “İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır. Son zamanlar kömür dərmanının apteklərdən yığışdırılması ilə məlumatlar var. Bu dərman ucuz, əlçətan olmaqla yanaşı, bədəndən toksinləri və kimyəvi maddələri çıxarmaq üçün istifadə edilir. Bu tip preparatların çoxu Rusiya və Ukrayna istehsalıdır. Ümumiyyətlə, dediyim ölkələrin istehsalı dərmanların satışında problem yaşanır. Regionda baş verən müharibə səbəbilə idxalda çətinliklər yaşanır, bu da qiymət artımı və qıtlığa səbəb olur”.
Günel CƏLİLOVA