Son zamanlar müəllimlər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqından narazılıq edir. Müəllimlərin şikayət etməsinə səbəb onların maaşından Həmkarlar təşkilatı üçün 2% vergi tutulmasıdır. Müəllimlər isə bunu istəmir. Narazı müəllimləri maraqlandıran əsas məqam isə Həmkarlar təşkilatından könüllü şəkildə çıxa bilməyin mümkün olub-olmamasıdır. Hətta müəllimlərdən biri Facebook-da yazıb ki, məktəbdə Həmkarlar Təşkilatının sədrinə bu quruma üzvlükdən çıxmaq üçün müraciət edib və rədd cavabı alıb.
Maraqlıdır, müəllimlər könüllü şəkildə Həmkarlar təşkilatından çıxa bilmək hüququna malikdirlərmi?
“4432 orta ümümtəhsil müəssisəsində çalışan 150 min müəllimin hər biri özündən xəbərsiz, razılıq ərizəsi olmadan Həmkarlar Təşkilatına üzv qəbul olunub”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müəllimlərin əmək haqqından Həmkarlar Təşkilatı üçün pul tutulması onları öz razılığı ilə mümkün olur. Bunların arasında vergi və sığorta haqqı da var: “Müəllimlərin əmək haqqından Həmkarlar Təşkilatı üçün pul ona görə tutulur ki, tədris ili başa çatanda həmin təşkilat təhsil işçilərinə putyovka-yollayış versin və ya pedaqoqun hər hansı bir problemi yaranarsa ona maddi dəstək göstərsin. Ancaq çox təəssüf ki, realıqda bunların heç biri görünmür. Danılmaz faktdır ki, bu gün putyovkalar müəllimlərə pulla satılır və ya öz yaxınlarına verilir”.
Ekspert mövcud qaydalara əsasən Həmkarlar Təşkilatına üzv olmağın könüllü olduğunu dedi: “Təəssüf ki, 4432 orta ümümtəhsil müəssisəsində çalışan 150 min müəllimin hər biri özündən xəbərsiz, razılıq ərizəsi olmadan Həmkarlar təşkilatına üzv qəbul olunub. Təbii ki, belə olan halda onların əmək haqqından müəyyən məbləğdə vəsait çıxılır. Yekunda isə müəllimlər bundan heç bir fayda görmür. Onu da deyim ki, müəllimlər istədiyi vaxt həmin təşkilatdan çıxa bilərlər. Bunun üçün pedaqoqlar Həmkarlar Təşkilatına ərizə yazmaqla üzvlükdən çıxa bilərlər”.
Günel CƏLİLOVA