Lənkəranda "Gənc nəsli narkomaniyadan qoruyaq" devizi altında keçirilən maarifləndirici tədbir rayonun Qurumba ümumi orta məktəbində baş tutdu. Təşkilatçıları Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Şəhər-Rayon Polis Şöbəsi olan tədbirə məktəbin şagirdləri, eləcə bir qrup müəllim heyətindən ibarət 72 nəfər qatılmışdı.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin - şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə, yetkinlik yaşına çatmayanlar üzrə baş inspektoru, polis mayoru Fazil Bağırov çıxış edib “ağ ölüm” adı almış, insanların şırin həyatına zəhər qatmış, onları cinayətkarlığa sürükləyən narkomaniya, eyni zamanda narkomaniyanın, hə də erkən nikahların acı nəticələrdən, onlara qarşı aparılan mübarizədən faktlar əsasında ətraflı danışdılar. Natiqlər xüsusi olaraq onu da vurğuladılar ki, narkomaniya yeniyetmələrin, gənclərin həyatında bir sıra sağalmaz fəsadlar törədir, onları ictimai-siyası həyatdan, təhsildən, işləməkdən, sağlamlıqdan uzaq salır, gələcəyini məhv edir. Qeyd edildi ki, gənclər arasında vaxtaşırı belə maarifləndirici tədbirlər görülməli, ən əsası hər şagirdin təhsilinə diqqət artırılmalı və onlar kütləvi idmana cəlb edilməlidir.
Sözün qısası, gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır. Gəncləri daha düzgün, uğurlu yola yönəltmək isə valideynlərdən, əsasən müəllimlərdən çox asılıdır.
Sonda tədbir iştirakçılarının suallarına cavab verildi, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən video-çarx nümayiş olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü