Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən, artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.
Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Bakıda bu istəklərə cavab verən dövlət məktəbləri o qədər də çox deyil. Bu səbəbdən də valideynlər özəl məktəblərə, liseylərə üz tutur. Ancaq özəl məktəblərdə də vəziyyət ürəkaçan səviyyədə deyil. Aidiyyəti qurumlar bu təhsil müəssəsilərində yoxlama aparmır. Şagirdlərə nə tədris olunur, dərsliklərin mənşəyi araşdırılmır. Halbuki, özəl məktəb və ya liseylərdə təhsil haqqı həddən artıq bahadır. Ölkədə elə özəl məktəblər var ki, orada illik ödəniş 40-60 min manatdır. Buna baxmayaraq, bu təhsil müəssisələri nəzarətdən kənar qalıb.
“Özəl məktəblərin yoxlanılması, daim diqqətdə saxlanılması say baxımından az olduğu üçün daha əlverişli imkan yaradır, ancaq…”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, özəl məktəblərdə tədris prosesi Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Ancaq müəyyən qərarları verməkdə sərbəstdirlər. Özəl məktəblərdə təhsil haqqı və digər məsələlər öz nizamnamələrinin qaydaları ilə təsdiq olunur.
Ekspert dərslik məsələsinin tək özəl deyil, dövlət məktəblərində də problem olduğunu dilə gətirdi: “Dərsliklərə nəzər yetirəndə müəyyən çatışmazlıqların olduğunu görə bilərik. Bu problemlə bağlı müntəzam olaraq iş aparılmalıdr. Düzdür, son illər bu istiqamətdə müəyyən işlər görülür, ancaq çatışmayan məqamlar var”.
Həmsöhbətimizin dediyinə görə, bu gün ölkədə 4440-dan məktəb fəaliyyət göstərir. Onların içərisində cəmi 50-yə yaxını özəl məktəbdir: “Say baxımından özəl təhsil müəssisələrinin sayı azdır. Az olduqları üçün həmin məktəbləri diqqətdə saxlamaq daha asan olmalıdır. Özəl məktəblərin yoxlanılması, daim diqqətdə saxlanılması say baxımından az olduğu üçün daha əlverişli imkan yaradır. Ancaq öz məktəblərə nəzarət aşağı səviyyədədir”.
Ekspert bildirdi ki, özəl təhsil müəssisələrinin verdiyi təhsil dövlət məktəbləri ilə müqayisədə daha keyfiyyətlidir. Bu gün 1 milyon 600 minə yaxın şagird təhsil alır: “Onlardan çox cuzi hissə özəl məktəblərin payına düşür. Yerdə qalan isə dövlət məktəblərinin payına düşür. Danılmaz faktdır ki, özəl təhsil müəssisələrində imkanlı ailələrin övladları təhsil alır”.
Günel CƏLİLOVA