Son günlərə qədər bir çoxları iynələrin və sistemlərin vurulması üçün poliklinikalara deyil, cüzi məbləğ ödəyərək yaxınlıqdakı aptek işçisinə müraciət etməyə üstünlük verirdi.
Bundan əlavə, küçədə halı pisləşən yaşlı insanlar və yaxud hamilə qadınlar da ilk rastlarına çıxan aptekə girib təzyiqlərini ölçdürür və buna müvafiq olaraq dərman atır və ya iynə vurdururlar.
Ancaq əczaçılıq müəssisələrində xəstə qəbul etmək qanunla qadağandır. Buna baxmayaraq, apteklərdə qeyd etdiyimiz xidmətlər göstərilir. Təbii ki, müəyyən məbləğdə “hörmət” qarşılığında.
Analitik Ekspertiza Mərkəzi - Elvin Nağıyev: “Əczaçılıq müəssisələrində xəstə qəbul etmək qanunla qadağandır”
Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev bildirdi ki, əczaçılıq müəssisələrində xəstə qəbul etmək qanunla qadağandır: “Əczaçılar ilkin tibbi yardım bacarıqlarına yiyələnməyə məcbur deyillər. İstisna hallarda, yəni həyati təhlükəli vəziyyətlərdə aptekə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər. Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır. Səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədəuyğundur”
Pərvanə Mustafayeva: “Xəstəyə sınaq qoyulmamış iynə vurmaq, sistem qoşmaq nə dərəcədə uyğundur?”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, apteklərdə tibbi xidmətin göstərilməsi düzgün deyil: “Xəstəyə sınaq qoyulmamış iynə vurmaq, sistem qoşmaq nə dərəcədə uyğundur? Xəstənin səhhətində ağırlaşmalar müşahidə olunduqda aptek işçisi nə cavab verəcək? Bu kimi problemlərin yaşanmaması üçün apteklərdə çalışanlar tibbi xidmət göstərməkdən uzaq durmalıdır. Bəzən elə hal olur ki, xəstə həkimə getməmiş aptekdə çalışan şəxsdən hansısa xəstəliyin müalicəsi üçün dərman istəyir. O da xəstəyə müəyyən preparatlar verir. Analiz verilməmiş, müayinə aparılmamış xəstəyə dərman vermək düzgün deyil. Ümumiyyətlə, yaxşı olar ki, əczəxanalarla bağlı məsələlər nəzarətə götürülsün”.
Günel CƏLİLOVA