2023-cü il ərzində Qubadlı və Zəngilanda bir neçə kəndin inşa olunması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Energetika Nazirliyinin enerji təminatı məsələləri üzrə işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, bu rayonlarda prioritet məsələlər ilk növbədə sosial infrastrukturun tikintisindən ibarətdir.
"Söhbət məktəb, xəstəxana və yollardan gedir", - V.Hacıyev qeyd edib.
O daha sonra Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faiz tamamlandığını, Zəngilan aeroportunun istismara verildiyini, həmçinin digər avtomobil yollarının inşasının davam etdiyini bildirib.
Bundan başqa, onun sözlərinə görə, Cəbrayılda 240 meqavat gücündə yarımstansiyanın tikintisi üzrə danışıqlar davam edir.
"Bir sıra digər kiçik su elektrik stansiyaları inşa edilib və təmir olunub", - V.Hacıyev deyib.
O, Zəngilanda artıq 420 nəfərin (86 ailənin) yaşadığını və əlavə köçürülmə tədbirlərinin davam etdiyini bildirib.