Dağlar diyarı Yardımlı rayonunda fəaliyyət göstərən şəhər 3 saylı tam orta məktəbinin 8 və 11-ci sinif şagirdləri, müəllim kollektivi, valideynlər bu günümüzün ən aktual məsələsindən bəhs edən bir tədbirin iştirakçısı oldular.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Lənkəran - Astara Regional Təhsil İdarəsi Yardımlı rayonu üzrə Təhsil Sektorunun birgə səyi nəticəsində təhsil ocağında yuxarında adlarını çəkdiyi sinif şagirdlərinin iştirakı ilə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, onların təzyiqlərə, məişət zorakılığına məruz qalma, cinsi və əmək istismarına təhrik etmə, erkən nikaha cəlb olunma hallarının, eləcə gənclər arasında narkomanlığın, dini radikalizmin yayılması, insan sağlamlığına ziyanlı olan tütün məmulatları, spirtli içkilərdən istifadə hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbiri keçirildi.
Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini polis polkovnik – leytenantı Vüqar Bəhmənov, Gənclər və İdman idarəsinin rəisi Şəhriyar Şabiyev, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Tural Quliyev, rayon təhsil sektorunun əməkdaşı Adil Məmmədov tədbirdə çıxış etdilər. Natiqlər bütün bəşəriyyəti düşündürən narkomaniyanın insan həyatına gətirdiyi ağır fəsadlardan, cəmiyyət üçün böyük bəlaya çevrilmiş "ağ ölüm"ə qarşı həmişə mübarizə aparmağı və mübarizə metodu kimi maarifləndirmə işinin vacibliyindən söz açdılar. Eyni zamanda azyaşlıları erkən nikaha cəlb etmə hallarının qarşısını almaq üçün valideynlərə erkən nikahların yol açdığı həyatı təhlükələrdən ətraflı məlumat verdilər.
Tədbir şagirdləri maraqlandıran sualları cavablandırmaqla sona çatdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü