Ali təhsil müəssisələrində tələbələrin təqaüdlə bağlı narazılıqları var. Bir neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmentində də bu, gündəm mövzudur. Problem budur ki, semestr imtahanlarını uğurla bitirdikləri halda, tələbələr təqaüd ala bilmir. Səbəb kimi isə təqaüd yerlərinin azaldılması qeyd edilir.
Qeyd edək ki, hər universitetdə fakültələr üzrə tələbə təqaüdlərinin miqdarı fərqlidir. Bu, fakültədə təhsil alan tələbələrin sayından birbaşa asılıdır. Təqaüd həm ödənişli, həm də dövlət sifarişli tələbələrə şamil olunur.
Onu da bildirək ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrinin əyani bölməsində təqaüd alanların sayı 53408, peşə təhsili müəssisələrində təqaüd alanların sayı isə 16532 nəfərdir.
“Əvvəllər təqaüd yalnız ödənişsiz əsaslarla ali məktəbə daxil olan tələbələrə verilirdisə, indi müvəffəqiyyət göstəricisi yaxşı olan tələbələrə verilir”
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirdi ki, azalan təqaüdlər həqiqi təqaüd yerləri deyil, əlavə təqaüd yerləridir. Bunun əsl sahibləri birinci kursdan qəbul olduqca yuxarıdakı əlavə təqaüd yerləri azalır: “Ona görə bu gün bizim bəzi tələbələrimiz hesab edirlər ki bizim orta müvəffəqiyyət göstəricimiz yüksəkdir, əlaçıyıq, biz təqaüdə düşmürük, amma bundan əvvəl düşürdük .Ona görə düşmürlər ki, birinci, ikinci kursda həqiqi təqaüdlərin sahibləri gəlib həmin təqaüdləri alırlar“.
K.Əsədov onu da əlavə etdi ki, artıq təqaüdlərin verilməsi yeni qaydalarla həyata keçirilir. Əvvəllər təqaüd yalnız ödənişsiz əsaslarla ali məktəbə daxil olan tələbələrə verilirdisə, indi müvəffəqiyyət göstəricisi yaxşı olan tələbələrə verilir: “İndi yalnız yaxşı oxuyan tələbə təqaüd alacaq. Bir qrupda 30 tələbə təhsil alır, onun 15-i ödənişli, qalanı isə dövlət sifarişi ilə qəbul olunub. Ödənişsiz əsaslarla pulsuz ixtisasa qəbul olan yanvar ayına qədər təqaüd alacaq. Ancaq yanvar semestrindən sonra ən çox kimin nəticəsi yaxşı olacaqsa təqaüd ona veriləcək. Fərqi yoxdu, ödənişli və ya ödənişsiz əsasla oxuyur”.
Günel CƏLİLOVA