Elçin Mirzəbəyli: “İnformasiya təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə sahəsində ortaq fəaliyyətin həyata keçirilməsi vacibdir”
Xəbər verildiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edib. Məruzədə Azərbaycanın xarici siyasəti barədə bir sıra yeni fakt və mülahizələr söylənib.
Nazir bununla bağlı bir sıra məqamlara toxunub. Onun sözlərinə görə, Azərbaycanla nəqliyyat və təhlükəsizlik sahəsində dialoq başlayıb: “Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin, biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Yalnız imkanlarımız deyil, həm də çətinliklərimiz var. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Belə ki, biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur”.
E.Məmmədyarov onu da qeyd edib ki, Aİ qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi, maliyyə baxımından bu qədər çox sərmayə qoyursa, onda əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır.
Ümumilikdə, nəqliyyat və təhlükəsizlik sahəsində Azərbaycanla Aİ arasında dialoqun başlaması yeni mərhələdir. Bütövlükdə, bunu ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, sözügedən sahələr üzrə dialoqun başlaması müsbət tendensiyadır: “Çünki Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri bu gün Avropa üçün də mühüm əhəmiyyət daşıyır. Təkcə Aİ ölkələri üçün deyil, ümumilkdə, NATO ölkələri üçün bunun mühüm əhəmiyyəti var. NATO baş katibinin Bakı-Tiflis-Qars dəmir yoluna verdiyi önəm buna əyani sübutdur. Azərbaycanın həyata keçirdiyi logistik layihələr ölkəmizi ciddi bir nəqliyyat qovşağına çevirir. Ən önəmli cəhətlərdən biri də odur ki, yaradılan nəqliyyat qovşağı rəqabətə davamlıdır. Bu təkcə rəqabət üçün deyil, eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq üçün nəzərdə tutulub. Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri arasında sinerji qurulub. Bu da imkan verir ki, dünyanın bütün qütblərindən gələn yüklər Azərbaycandan keçsin, buna zəmin yaransın. Azərbaycandan keçən yollar ən qısa və təhlükəsiz hesab olunur. Ona görə də Azərbaycanla Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün əhəmiyyət kəsb edir. Təhlükəsizlik sahəsində dialoqa gəldikdə isə, bu, geniş bir sektorda yanaşma tələb edən amildir. Terrorizmə qarşı mübarizədə Azərbaycan aktiv rol oynayır. İnformasiya təhlükəsizliyi, kibercinayətkarlığa qarşı mübarizə sahəsində ortaq fəaliyyətin həyata keçirilməsi vacibdir. Ən önəmli faktor isə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsidir. Fikrimcə, Cənubi Qafqazda təhlükəsizliyin dayanıqlı təmin edilməsi bundan keçir. O üzdən, Aİ bu yöndə də səylərini artırsa, daha məqsədəuyğun olar”.
Vidadi ORDAHALLI