Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın atdığı qətiyyətli addımlar qarşısında Ermənistanın uzun müddət davam gətirməsinin mümkünsüzlüyü indi işğalçı ölkənin özündə də açıq etiraf edilir. Xüsusən də hər iki ölkə liderinin Vyanada məlum görüşündən sonra bu xüsusda Ermənistanda daha böyük bədbinlik hökm sürməkdədir.
Hazırkı durumda isə Ermənistanda baş nazir Nikol Paşinyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan məğlub qayıtmaqda ittiham olunur. Ermənilər bildirirlər ki, Paşinyan görüşdən əvvəl cəsarətli danışırdısa, görüşdən sonra bu cəsarət yoxa çıxdı. Erməni ekspert Ruben Marqaryan “Ermənistanın səsi” qəzetində dərc olunan məqaləsində bu xüsusda Azərbaycanın ölkəsi üzərində diplomatik üstünlüyünün daha sürətlə artdığını vurğulayır: “Bizim baş nazirimiz əvvəlcə bu və ya digər məsələdə mövqeyini qəti şəkildə bildirir, lakin sonra bu qəti mövqe qəfil yoxa çıxır və prinsipial bəyanatların verilməsi vaxtı başqa mövzulardan danışır. Əliyevlə Vyanada keçirilən görüşdə də Paşinyan eyni formada davrandı. O, görüşdən əvvəl təntənəli sürətdə elan etdi ki, Vyanada ilk olaraq Dağlıq Qarabağ hakimiyyətinin bilavasitə danışıqlarda iştirakı məsələsini qaldıracaq, daha sonra Minsk Qrupu tərəfindən elan edilmiş üç əsas prinsip və nizama salmanın altı elementinin izahını tələb edəcək. Görüşdən öncə Paşinyan belə danışırdı, lakin görüş başa çatdı və heç kim Vyanada iki saat ərzində onun Əliyevlə nə danışdığını, əvvəldən elan etdiyi tələbləri səsləndirib səsləndirmədiyini bilmir. Lakin görüşdən sonra Minsk Qrupunun bəyanatından aydın olur ki, nə Qarabağın danışıqlarda iştirakı, nə də nizama salma elementləri ilə bağlı izahat tələbi səsləndirilib.
Paşinyan sadəcə bildirdi ki, “görüş normal keçdi”. İlham Əliyev isə görüşdən sonra bəyan etdi ki, danışıqlar bundan sonra da ikitərəfli formatda davam edəcək, nizama salmanın əsas prinsiplərinə gəlincə, Bakının mövqeyi dəyişmədi, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Paşinyan bundan incidi, guya o, iki saat ərzində başqa şeydən danışıb, Əliyev başqa şey haqqında danışır. “Facebook”da canlı yayıma çıxan baş nazir bildirdi ki, “udmaq, yaxud uduzmaq haqqında danışmaq doğru deyil, bu yanaşma köhnəlib”. O qeyd etdi ki, görüşdə Qarabağın danışıqlarda iştirakı məsələsi qaldırılıb, lakin heç bir nəticə verməyib. Amma bu məsələni bundan sonrakı görüşlərdə də qaldıracaq. Üç prinsip, altı element məsələsinə gəlincə, Paşinyan bunun böyük məsələ olduğunu, yalnız bir görüşdə müzakirə edilib həll olunmasının mümkünsüz olduğunu bəyan etdi. Hərçənd, o, görüşdən əvvəl başqa, görüşdən sonra isə başqa sözlər danışır və bu onun Vyanada məğlub olduğunu təsdiqləyir. Görünür, baş nazirimiz Əliyevi görən kimi qəti mövqeyini unudub”.
Erməni mediası isə yazır ki, Vyana görüşündən sonra məğlub duruma düşən Ermənistan baş nazirini çətin vəziyyətə salan məqamlardan biri də Rusiya amili ilə bağlıdır. Belə ki, Rusiyanın İrəvan üzərindən dəstəyini çəkməsi fonunda ”İravnuk” qəzeti yazır ki, İrəvan həm diplomatik, həm də hərbi müstəvidə Azərbaycana daha böyük fərqlə uduzmağa başlayır: ”İrəvan Moskva ilə münasibətləri pisləşdirdiyi halda Bakı tamam fərqli prizmadan çıxış edir. Əvəzində Qarabağ məsələsində biz Kremlin Bakıya daha böyük dəstəyini görürük. Aydındır ki, belə vəziyyət danışıqlara da təsir edir və bu səbəbdəndir ki, Paşinyanın Vyana görüşündə heç nəyə nail olmadığına şahidlik etdik. Əvəzində İlham Əliyev qəti şəkildə bildirdi ki, Qarabağ danışıqlarında format dəyişmir və bu da Azərbaycanın daha bir üstünlüyüdür”.
Rus ekspert Stanislav Tarasov da vurğulayır ki, Moskvanın dəstəyini itirən Paşinyanın Azərbaycana məğlubiyyəti daha tez olacaq: “İndi prezident Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə şəxsən məşğuldur”. O qeyd edir ki, Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefonda söhbət edib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər “Dağlıq Qarabağ üzrə danışıqların intensivləşməsinin vacibliyini vurğulayıb və Moskva “münaqişənin həllini təşviq etməyə hazır olduğunu ifadə edib”, Xatırladaq ki, bundan öncə Putin və Paşinyan arasında oxşar telefon danışığı baş vermişdi. Söhbətlərin detalları ictimaiyyətə açıqlanmasa da, ümumiyyətlə, İlham Əliyev və Paşinyan arasında Vyanada keçirilən görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı Moskva-Bakı-İrəvan üçbucağında telefon danışıqlarının intensivləşdirilməsi təsadüfi bir hal kimi qəbul edilmir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin digər rəhbərlərindən fərqli olaraq, yalnız Rusiya prezidenti münaqişənin sülh yolu ilə həllinin tapılmasına yardım etmək üçün fəal şəkildə çalışır. Bu, həll prosesinin Moskvanın aktiv iştirakı ilə yeni mərhələyə girməsi kimi görünür. Baxmayaraq ki, onun konturları hələ görünmür”. Politoloq xatırladır ki, məhz Putinin şəxsi iştirakı ilə Dağlıq Qarabağda 2016-cı ilin aprel döyüşləri dayandırıldı. Cəbhə xəttində gərginliyi azaltmaq üçün Düşənbə şəhərində İlham Əliyevlə Paşinyan arasında şifahi razılaşmalara nail olmaqda vasitəçilik edən də elə Putin olub. Tarasov qeyd edir ki, həm birinci, həm də ikinci halla ATƏT Minsk Qrupunun heç bir əlaqəsi olmayıb: “Bəli, Minsk Qrupunun martın əvvəlindən münaqişə tərəfləri arasında “Madrid prinsipləri“ əsasında danışıqlar aparmaq və müzakirələrin formatını dəyişməkdən imtina etməsi ilə bağlı Azərbaycan və Ermənistan liderləri arasında ATƏT-in Minsk Qrupunun mövqeyinin əsassız olmadığına dair bəyanatları rol oynayıb. İstənilən halda, ATƏT Minsk Qrupu vasitəçi olub və olaraq da qalır. Görüləcək iş çox olsa da, hər şey Rusiya prezidentinə gedib çıxır. Maraqlıdır, niyə ilk gündən etibarən Əliyev Paşinyanla danışıqlara getdi? Bunu isə dekabr ayında baş tutan seçkilərdən əvvəl etdi. Hər şey Rusiya prezidentini göstərir. Üstəlik, ABŞ prezidenti Donald Tramp respublikaların yaranmasının 100-cü ildönümü münasibətilə Azərbaycan və Ermənistan prezidentlərinə müraciətində onlara “yaxın gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yeni imkanların ortaya çıxması” barədə xəbərdarlıq edib. Çoxları Vaşinqtonun Qarabağ istiqamətindəki siyasətini intensivləşdirməyi qərara aldığına əmin idi. Lakin Moskva bu məsələdə irəli atılmağa başladı. Görünür, Bakı və İrəvan Rusiyanı status-kvonun dəyişdirilməsi və sülhməramlı təşəbbüsləri həyata keçirmək üçün kifayət qədər siyasi iradəsi olan ən yaxın vasitəçi hesab edir. Lakin reallıqda belə bir potensial vəziyyət əvvəllər də mövcud idi. Moskvanın bu istiqamətdə canlanması, ehtimal ki, Ukraynadakı hadisələrlə əlaqədardır”. . Tarasovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir irəliləyişə nail olmaq arzusu var. Buna görə də, Putin Paşinyanı sakitcə dialoqa cəlb edir, müzakirələr üçün danışıqlar masasına oturtmağa çalışır: “Minsk Qrupunun vasitəçiliyi ilə, ya da ATƏT-in Minsk Qrupu olmadan Əliyev və Paşinyan arasında dialoqun nəticəsi olaraq hansı xüsusi formata nail olunacaqsa, hələlik bu günə qədər heç bir prinsipial əsası yoxdur. Ancaq Birləşmiş Ştatlar və Fransa həmsədr ölkələr kimi “Rusiyanın Qafqazda hegemonluğunun güclənməsinə” qarşı mübarizə bəhanəsilə mane olmaq istəyirlər. Hələlik, Moskva-Bakı-İrəvan üçbucağında bölgədəki münaqişənin hər iki tərəfinin milli maraqlarını ən yaxşı şəkildə yerinə yetirəcək sülhə nail olmaq üçün “yol xəritəsi” meydana çıxdığına dair sabit fikir var”. Tarasov, dediyinə sübut olaraq, Amerikanın “The National Interest” nəşrinin məqalələrindən birini misal çəkir: “Bakı və İrəvan Moskva ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə davam edir. Ancaq əvvəlcə Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Buna nail olanadək isə Rusiya prezidenti Moskvanın himayəsi altında əldə edilən Düşənbə razılaşmalarının hüquqi xarakter almasına çalışır”.
Qeyd edilənlər fonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dedikləri də xüsusi diqqət çəkir. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəflərə yardım etmək Rusiyanın xarici siyasət konsepsiyasının vacib xarici siyasət prioritetlərindən biri sayılır: “Bu məqam həyata keçirilən vasitəçilik fəaliyyətinə xüsusi önəm verir, onun nəticələrinə diqqətin artırılmasını müəyyənləşdirir. ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə sıx qarşılıqlı fəaliyyətdə çalışırıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi ilə bağlı danışıqlar prosesi gedir. Tərəflər sülh yolu ilə nizamlanmaya nail olmağa istiqamətlənmiş işi davam etdirmək niyyətində olduqlarını nümayiş etdirir. Bu əhval-ruhiyyə İlham Əliyev və Nikol Paşinyanın az əvvəl Vyanada keçirilən görüşünün yekunlarına dair bəyanatda da qeyd olunub. Danışıqlarda əldə olunan konstruktiv yanaşmanı alqışlayırıq. Avstriya paytaxtında nail olunan ideyaların həyata keçirilməsi üçün tərəflərə lazımi yardımı edəcəyik”. Ekspertlər bildirir ki, əslində, Rusiyanın prosesdə fəal iştirakı və İrəvana mümkün təzyiqləri münaqimşənin həllini tezləşdirə bilər. Hesab edilir ki, əslində, rəsmi Moskva Qarabağda dəstəyini Azərbaycanın lehinə istifadə etməyə məcburdur. Ən azı o baxımdan ki, regional mövqeyini itirməmək naminə Kreml Azərbaycanla əməkdaşlığın əhyati əhəmiyyət kəsb etdyini yaxşı başa düşür. Bunun üçün isə Moskva Qarabağ məsələsində Azərbaycanın yanında yer almalı olduğunu da aydın görür. Belə vəziyyətdə Kremlin İrəvana azalan dəstəyi Qarabağ münaqişəsinin həllini əhəmiyyətli dərəcədə tezləşdirə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.