Fikrət Sadıqov: “34 faizlə bağlı səslənən rəsmi fikri, heç bir halda, ərazi iddiası kimi qəbul etməməliyik”
Rəsmi Tiflis Gürcüstanın Azərbaycanla dövlət sərhədinin 34% demarkasiya və delimitasiyasının həll olunmaması barədə açıqlama ilə çıxış edib. Bu, Azərbaycanın siyasi dairələri tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə də Ermənistan KİV-inin bu açıqlama ətrafında səylər göstərərək iki ölkə arsındakı münasibətlərə xələl gətirmək cəhdi nəzərə çarpır.
Zaman-zaman KİV-də Gürcüstanla dövlət sərhədinin Ağstafa hissəsində qədim alban kilsəsinin mövcudluğu və Tiflisin həmin kilsəni özünün qədim irsi hesab etməsi haqda məlumatlar yayılıb. Ancaq bu gün ümumi sərhədin 34 faizinin mübahisəli olduğunu iddia etmək çox ciddi ittiham sayıla bilər.
Azərbaycan və Gürcüstanın müstəqilliyinin bərpasından sonra iki ölkənin sərhədlərinin delimitasiya-demarkasiyasının aparılması təbiidir. Bu istiqamətdə müzakirələr 20 ildən çoxdur davam edir. Müzakirələrin gedişində ərazi mübahisələrinin yaranması gözlənilən idi. Məsələn, bu mübahisələrin əsas predmetləri sırasında Keşikçidağ kompleksini və Qırmızı Körpü ətrafındakı müəyyən əraziləri göstərə bilərik. Hələlik Azərbaycan tərəfi Gürcüstanın iddiasına rəsmi cavab verməyib.
Politoloq Fikrət Sadıqov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələni siyasiləşdirərək başqa mənalar axtarmağa ehtiyac yoxdur: “Ümumi sərhədləri olan ölkələr arasında belə proseslər baş verir. Nəzərə alsaq ki, biz vaxtilə bir ölkənin tərkibində yaşamışıq və həmin zaman incə detallara o qədər də fikir verilməyib. Ölkələr müstəqil olandan sonra isə hər qarış torpaqla bağlı dəqiqləşdirmə aparılır. Biz bilirik ki, Gürcüstanla Azərbaycan arasında delimitasiya haqqında danışıqlar uzun müddətdir aparılır. Bununla bağlı bir-birimizin arasında ziddiyyətli məqamlar nəzərə çarpmır. Aydın məsələdir ki, Gürcüstanda ərazi iddiaları ilə çıxış edən dairələr az deyil. Amma biz bunu dövlət səviyyəsində görmürük. 34 faizlə bağlı səslənən rəsmi fikri, heç bir halda, ərazi iddiası kimi qəbul etməməliyik. Əslində, belə bir dəqiqləşdirmənin aparılması Azərbaycana da lazımdır. Ölkələrimiz arasındakı münasibətlər bu məsələni tam çözməyə imkan verir. Bu danışıqlar qarşılıqlı şəkildə həyata keçirilir. Bizim vaxtilə Rusiya ilə də delimitasiya məsələsində aramızda mübahisələr var idi. Amma gördünüz ki, sakitliklə öz həllini tapdı. Hazırda Gürcüstanla Azərbaycan arasındakı münasibətlər elə vəziyyətdədir ki, biz onu gərginləşdirib nifrət səviyyəsinə gətirib çıxarmamalıyıq. Çünki Gürcüstan bizim partnyorumuzdur. Həm də onların bizə böyük ehtiyacı var. Sağlam düşüncəli gürcü siyasiləri də bunu yaxşı dərk edirlər”.
Məhəmmədəli QƏRİBLİ