Arzu Nağıyev: “Onlar sona qədər buna təminat vermiş olacaqlar”
Cari ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib. İclas NATO-nun 70-ci ildönümünə həsr olunub.
NATO-nun baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə və multi-modal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. O, ələlxüsus, 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tiflis-Qars dəmir yolunun NATO-ya üzv dövlətlər tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli dəstək" missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə qoyulub. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.
Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla, 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının tərkibində xidmət edir.
Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə, eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqanıstan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.
2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş Bakı-Tiflis-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tiflis-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə, NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsiz şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcək. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.
Bu baxımdan, Azərbaycandan kecən multi-modal dəhlizlərin təhlükəsizliyinin həm də NATO-nun prioritetləri sırasına daxil edildiyi kimi nəticə çıxarmaq olarmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, NATO-nun baş katibinin verdiyi açıqlamadan görünür ki, o, qurumu Azərbaycanın yaxın tərəfdaşı qismində görür: “Burada bir sıra mühüm amillər var. Çünki Azərbaycan heç bir hərbi blokda təmsil olunmaya-olunmaya, həm Rusiya, həm də NATO ilə mühüm hərbi əməkdaşlıq edir. Biz NATO-nun bütün tədbirlərində yaxından iştirak edirik. Bununla bərabər biz Rusiya ilə NATO arasındakı gərginlikdən istifadə edib balansı pozmuruq. Bunun ən bariz nümunəsi kimi isə mühüm Rusiya-NATO görüşlərinin bir neçə dəfə Bakıda keçirilməsini göstərə bilərik. Bu, inamdan irəli gəlir. Azərbaycandan keçən multi-modal dəhlizlərə NATO-nun böyük maraq göstərməsi birmənalıdır. Çünki Əfqanıstandan başlayaraq, həm də Orta Asiyadan gələn yüklərin gələcəkdə bizim kommunikasiyalardan istifadə olunaraq daşınması və daşınacağı onlar üçün mühüm əhəmiyyətlidir. Burada hərbi yüklərin də olacağını nəzərə alsaq, onda NATO üçün hansı əhəmiyyətə malik olması haqda aydın təsəvvür formalaşar. Hərbi yük deyəndə hərbçilərin təminatı üçün nəzərdə tutulan bəzi yüklərin daşınması nəzərdə tutulur. Boru kəmərləri vasitəsilə nəql olunan enerji daşıyıcıları da NATO üçün böyük əhəmiyyət kəsb edir. Çünki istiqamətin yönəldiyi bir çox ölkə NATO-nun üzvləridir. Ermənistan və onun havadarları bu multi-modal dəhlizlərin reallaşmaması üçün bir sıra addımlar atdılar. Ancaq onların heç biri nəticə vermədi. Təbii ki, mühüm əhəmiyyət kəsb edən bu dəhlizlərin qorunması NATO üçün vacib prioritet sayılır. Onlar sona qədər buna təminat vermiş olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ