Arzuxan Əlizadə: “Nə vaxta qədər ki, Ermənistan Azərbaycana yönəlik işğalçılıq siyasətinə son qoymayıb, bu ölkədə demoqrafik problemlər həll olunmayacaq
Əhalinin Ermənistandan köçməsi və çətin demoqrafik vəziyyət son illər erməni cəmiyyətində müzakirə olunan əsas mövzulardan biridir. Görünən odur ki, sözügedən məsələ ilbəil ölkədə daha da kəskinləşir.
Hətta vəziyyət o dərəcə kəskinləşib ki, bu günlərdə Paşinyan hökuməti ölkədə demoqrafik vəziyyət və bu sahədə mövcud problemlərin həlli yolları ilə bağlı görüş keçirib. Hökumət səviyyəsində müzakirələr aparılıb. Müzakirələrdə ölkə rəsmiləri bununla bağlı hesabatlar veriblər. Bildirilib ki, 2017-ci ildə ölkəni tərk edənlərin sayı 26 min 897 nəfər olub. Erməni rəsmiləri iddia edirlər ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ölkəni tərk edənlərin sayı azalıb. Ancaq o da məlum olub ki, ötən il ərzində ölkədə doğumun azalması sürətlənib. Erməni rəsmilər özlərinə təsəlli vermək üçün bəyan ediblər ki, Ermənistandan Avropa İttifaqı ölkələrinə sığınacaq almaq məqsədilə müraciət edənlərin sayı azalıb. Erməni rəsmiləri ölkədəki demoqrafik vəziyyətin pisləşməsinin bəzi tərəflərini gizlətməyə çalışsalar da, məlum olub ki, bu sahədə ciddi problemlər var.
Hökumət rəsmilərindən fərqli olaraq, bir çox ekspert isə ölkədə demoqrafik vəziyyətin daha pis olduğu fikrindədir. Onların fikrincə, demoqrafik vəziyyətin təsvir olunduğu üç əsas sahədə ciddi problemlər var. Bunlar doğum səviyyəsinin azalması, əhalinin yaşlaşması və miqrasiyadır. Hər üç sahədə vəziyyət mənfidir. Xüsusən də ilbəil ölkədə doğulanların sayı azalır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkədə 41763 uşaq doğulub. 2018-ci ildə isə Ermənistanda doğulan uşaqların sayı 36502 nəfər olub.
Demoqraf Ruben Yeganyanın fikrincə, Ermənistanda doğumun azalması ilə bağlı hərtərəfli tədbirlər görülməyincə, azalma davam edəcək: “Hazırkı sosial-iqtisadi vəziyyətdə gənclər ailə qura bilməzlər. Ailə quranlar isə belə vəziyyətdə çox uşaq istəmirlər. Bu da əsas sosial problemlərdəndir”.
Ölkədə vəziyyət o yerə gəlib çatıb ki, baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistanda Demoqrafik Vəziyyətin Yaxşılaşdırılması Şurası yaradılıb.
Maraqlıdır, sözügedən sahədə acınacaqlı vəziyyətin davam etməsi ölkəyə nə vəd edir? Paşinyanın bununla bağlı yaratdığı şura nəyisə dəyişə bilərmi?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistanda hökumət səviyyəsində bu sahədə müzakirələrin aparılması vəziyyətin olduqca kritik olmasından xəbər verir: “Gör bu sahədə vəziyyət nə dərəcədə gərgindir ki, ölkənin baş naziri öz nəzarəti altinda xüsusi şura yaradır. Hesab edirəm ki, bu müsbətə doğru nəyisə dəyişə bilməyəcək. Ermənistanda uzun illərdir demoqrafik sahədə ciddi problemlər var. Ermənistanda bu sahədə vəziyyətin pisləşməsi 1998-ci ilə qədər ölkə prezidenti olan Levon Ter-Petrosyanın dövründə başlayıb. “Qarabağ klanı” hakimiyyətə gələndən sonra bu sahədə vəziyyət daha da pisləşməyə doğru getdi. Əmək qabiliyyətli əhali kütləvi şəkildə ölkəni tərk etdi. Ölkədə yaşlı əhalinin sayı artdı və s. Ermənistan rəsmiləri ölkədə əhalinin 3 milyon nəfər olduğunu bəyan etsələr də, əslində, bununla bağlı çox ciddi şübhələr var. Yəni ölkədə əhalinin sayı bundan qat-qat azdır. Sadəcə, ölkə rəsmiləri bununla bağlı real rəqəmləri gizlədirlər. Ermənistanda demoqrafiya ilə bağlı problemlərin kökündə ölkədəki ağır sosial-iqtisadi vəziyyət dayanır. Bunun da səbəbi Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. Bu səbəbdən Ermənistanın həmsərhəd olduğu 4 ölkədən 2-si ilə sərhədlər bağlıdır. Nə vaxta qədər ki, Ermənistan Azərbaycana yönəlik işğalçılıq siyasətinə son qoymayıb, bu ölkədə demoqrafik problemlər həll olunmayacaq. Paşinyan olmur, kim olursa-olsun, bunu nizama sala bilməyəcək. Ermənistanın hazırkı iqtisadi imkanları ölkədəki demoqrafik problemləri həll etmək iqtidarında deyil. Sözügedən problem o zaman öz həllini tapacaq ki, Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəksin. Ölkələr arasında iqtisadi-ticarət əlaqələri qurulsun. Yoxsa hansısa inzibati vasitələrlə nəyəsə nail olmaq olmaz”.
Vidadi ORDAHALLI