İbrahim Rüstəmli: “Türkiyə və Pakistanla keçiriləcək birgə təlimlər ordumuzun döyüş qabiliyyətinin daha da artırılması baxımından müstəsna əhəmiyyətə malik olacaq”
“Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirmək planlarımız var”. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata açıqlamasında deyib. Nazir bu yaxınlarda Pakistanda səfərdə olduğunu qeyd edərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb: “Qardaş Pakistan xalqının Azərbaycan xalqına yüksək münasibəti var, Azərbaycan hərbçilərini ayaq üstə salamlayırdlar, ölkəmiz haqqında çox xoş sözlər deyirdilər”.
Z.Həsənov qeyd edib ki, Türkiyə ordusunun bacarığı yüksək səviyyədədir: “Türkiyənin Silahlı Qüvvələri NATO-nun ən güclü ordularından biridir. Yüksək səviyyəyə və təchizata malikdir. Bizim şansımızdır ki, dinimiz, dilimiz birdir və biz bu şansdan yararlanmalıyıq və yararlanırıq”.
O da məlumdur ki, Türkiyə ilə Pakistan siyasi və hərbi baxımdan hər zaman Azərbaycana dəstək veriblər. Bu iki ölkə bütün məsələlərdə Azərbaycanın yanında olub. Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdir və Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək verirlər. Dağlıq Qarabağ məsələsində adıçəkilən ölkələrin mövqeyi birmənalıdır. Azərbaycanın sıx hərbi əməkdaşlıq qurduğu ölkələrdən biri də Pakistandır. İki ölkə arasında hərbi əməkdaşlıq münasibətlərinin rəsmən inkişafı 2002-ci ilə təsadüf edir. Həmin il hər iki ölkənin müdafiə nazirlikləri səviyyəsində hərbi əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.
Onu da qeyd edək ki, Türkiyə və Pakistan dünyada çox güclü ordulara malik ölkələr hesab olunurlar. Hər iki ölkə silahlı qüvvələrinin bir sıra üstünlükləri var. Sözügedən ölkələrin orduları güclü olmaqla yanaşı, həm də ciddi döyüş təcrübəsinə malikdirlər. O baxımdan, Azərbaycanın sözügedən ölkələrlə birgə təlimlər keçirməsinin ordumuz üçün böyük əhəmiyyəti var.
Bütün bunlarla yanaşı, Türkiyə və Pakistanla keçiriləcək birgə təlimlər Azərbaycanın hərb yolu ilə Qarabağı azad etməyə hazırlaşdığı sayıla bilərmi?
Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlinin sözlərinə görə, Azərbaycan işğala məruz qalan ölkə olaraq Qarabağın hərb yolu ilə azad olunmasını heç vaxt istisna etməyib: “Azərbaycan dəfələrlə bəyan edib ki, torpaqların hərb yolu ilə azad olunması istisna olunmur. Bunu deyəndə Azərbaycan dövləti beynəlxalq hüququ nəzərdə tutur. Bəyan edir ki, nə qədər sülh tərəfdarı olsaq da, torpaqlarımızın ilhaqı ilə heç vaxt barışmayacağıq. Bu gün Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlimlərə hazırlaşması ilk növbədə ölkəmizin Silahlı Qüvvələrinin inkişafına xidmət edən bir tədbirdir. Ordu daim hərbi təlimlərdə olmalıdır. Xüsusən də torpaqları işğala məruz qalan ordu daim təlimlərə önəm verməlidir. Ancaq sözügedən hərbi təlimlərin Azərbaycanın strateji müttəfiqi olan Türkiyə və Pakistan orduları ilə birgə keçirilməsinin xüsusi əhəmiyyəti var. Çünki adıçəkilən ölkələr Azərbaycanın çox etibarlı müttəfiqləridir. Müttəfiq o deməkdir ki, bu ölkələr hər zaman Azərbaycanın yanında olacaqlar. Zatən, bu ölkələr hər zaman bizim yanımızdadırlar. Ən başlıcası isə Türkiyə və Pakistan orduları dünyada ən güclü silahlı qüvvələr hesab olunurlar. O baxımdan sözügedən təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması üçün müstəsna əhəmiyyətə malik olacaq. Azərbaycan onsuz da Qarabağın hərb yolu ilə azad edilməsinə nə vaxtsa başlayacaq. Ona görə də keçiriləcək birgə hərbi təlimlərin strateji əhəmiyyəti var. Çünki Azərbaycanın yaxın və uzaq maraqları var. Bunların hər ikisi öz cəbhəsində strateji xarakter daşıyır. Yəni Azərbaycan strateji milli maraqlarını reallaşdırmaq üçün sözügedən təlimləri keçirməklə qarşıdakı məqsədlərinə bir addım da yaxınlaşmış olur. Bilirsiniz, bu kimi tədbirlər Azərbaycan Ordusunun formalaşmasında istisnasız rol oynayır. Mən 25 il orduda xidmət etmişəm. Bir sıra xarici ölkələrdə xidməti ezamiyyətlərdə olmuşam. Ona görə də birgə hərbi təlimlərin ordunun güclənməsi baxımından müstəsna əhəmiyyəti var”.
Vidadi ORDAHALLI