Prezident İlham Əliyev Kürdəxanıda məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib
Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verib.
Daha sonra Şuşa rayon 7 nömrəli tam orta məktəbdəki şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 560 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Prezident məcburi köçkünlərlə görüşüb və çıxış edərək deyib:
“Sabunçu rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışını biz birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Mən çox şadam ki, belə gözəl qəsəbə salınıb, burada 810 ailə yaşayacaq...
Bildiyiniz kimi, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq. Təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək. Doğrudan da böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək...
Əlbəttə ki, bizim əsas məqsədimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə ardıcıl işlər aparılır. Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Keçən il prezident seçkilərində xalqın mənə verdiyi dəstək imkan verir ki, biz bütün vədləri icra edək. Seçkilər ərəfəsində bildirmişdim ki, biz yeni iqtisadi modelə keçid edəcəyik, bütün sosial məsələlərin həllinə çalışacağıq. Yəni ciddi islahatların, iqtisadi və sosial sahədə islahatların anonsu prezident seçkiləri ərəfəsində verilmişdir. Seçkilərdən sonra ciddi islahatlara start verildi. Bu islahatlar çoxşaxəlidir...
Deyə bilərəm ki, bütün addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yerlərdən gələn məktublar və müraciətlər deməyə əsas verir ki, islahatlar xalq tərəfindən dəstəklənir, buna yüksək qiymət verilir və bu bizə əlavə imkanlar yaradır”.
Şuşa şəhərindən məcburi köçkün Günəş Hüseynova, Şuşa rayon 7 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov və Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva dövlət başçısına məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdikdən sonra Prezident İlham Əliyev bir daha çıxış edərək deyib ki, “vaxtilə, xüsusilə müstəqilliyimizin ilk illərində erməni lobbisi tərəfindən belə bir rəy formalaşdırılmağa cəhd edilirdi ki, guya Qarabağ onların torpağıdır. Bizim imkanımız yox idi, lobbimiz yox idi, bizim xaricə çıxışımız çox məhdud idi. Amma bu gün biz bütün dünyaya həqiqətləri çatdırırıq və tarixi sənədlər əsasında, maddi-mədəni irs əsasında sübut edirik ki, bu bizim tarixi diyarımızdır”.