Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edib. Məruzədə Azərbaycanın xarici siyasəti barədə bir sıra yeni fakt və mülahizələr söylənilib. Nazir Azərbaycan – Aİ münasibətlərini fərqli şəkildə izah edib.
O deyib: “Münasibətlərimizdə elə bir sıxlıq vardır ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm. Bu, digərləri ilə olan münasibətlərimizdən çox fərqlidir. Belə ki, bu Aİ üçün də regiondakı digərləri ilə münasibətlərindən müsbət mənada fərqli olmalıdır. Biz siyasi gündəliyimizi mühafizə etməliyik. Biz imkanlarımızı maksimum səviyyəyə çatdırmağa ehtiyac duyuruq. Buna görə də mən buradayam.
İlk növbədə, bizim yeni ikitərəfli sazişimizlə (layihə) necə və haraya gedəcəyimizi müzakirə etməyə ehtiyacımız var. İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda biz danışıqları, onun bütün 3 hissəsi üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm...”
Nazir daha sonra maraqlı nüansa işarə edib: “Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq.
Yalnız imkanlarımız deyil, həm də çətinliklərimiz vardır. Buna görə də bu yaxınlarda Təhlükəsizlik Dialoqunu da başlatmışıq. Belə ki, biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələlərdə oxşar təsəvvürlə tərəfdaşlığımızı necə siyasi dəstəkləyə biləcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər. Burada xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Hesab edirəm ki, Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə və regionda digər ölkələrə gəldikdə buna siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa, onda əlbəttə ki, qaydalara əsaslanan bir yanaşma olmalıdır.
Bundan əlavə, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri üzrə, nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən bu qısa, lakin hərtərəfli sənədimiz var. Bu, prioritetlərdən bəhs edir. Bu, fokusdan bəhs edir. İndi bir intizam yaratmaq və onu həyata keçirmək lazımdır. Orada, deyə bilərəm ki, Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik. Fərqləndirmə, çeviklilik, diqqət mərkəzində saxlama və daha çox mülkiyyətçilik prinsiplərinin həyata keçirilməsi üçün hər bir ölkənin konkret məqsədləri və iqtisadi potensialına uyğun və prioritetlərə əsaslanan əməkdaşlıq daha səmərəli olardı. Belə bir yanaşma uzunmüddətli münasibətlərimizə müsbət təsir edər və həqiqi fərqləndirmə ruhuna uyğun olardı” – deyə nazir bildirib.
Baki-xeber.com