Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində davamlı sülhdən hər kəs faydalanacaq.
O qeyd edib: "Ötən həftə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi ilə Azərbaycan və Ermənistan liderlərinin müsbət görüşünün şahidi olduq. Ali səviyyədə təmasların genişlənməsi və atəşkəs rejiminin pozulmasının əhəmiyyətli dərəcədə azalması bizdə prosesin irəliyə doğru hərəkət edə biləcəyinə ümidlər yaradır".
F.Moqerini bildirib ki, davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, bu ölkələrdən kənarda da faydalanacaqlar, çünki davamlı sülh bütün regiona öz potensialını reallaşdırmağa kömək edəcək.
Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han isə Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.
O qeyd edib: "Əgər biz sonuncu mərhələyə vaxtında başlasaq, saziş üzrə danışıqları həqiqətən də başa çatdıra biləcəyik və sənəd martın ortalarında "Şərq tərəfdaşlığı"nın 10-cu ildönümü ərəfəsində razılaşdırılacaq. Düşünürəm ki, bu sazişə malik olmaq vacibdir".
Y.Han bildirib ki, Aİ və Azərbaycan bir çox sahələrdə yaxın tərəfdaşdır: "Avropa İttifaqı Azərbaycanın iri ticarət və investisiya tərəfdaşıdır. Bizim tərəfdaşlıq prioritetlərimizə uyğun olaraq, iqtisadi əlaqələrimizi, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı şaxələndirilməsinə, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək və ümumilikdə işgüzar və investisiya mühitinin yaxşılaşdırılması yolu ilə möhkəmləndirməyə çalışırıq".
Aİ komissarı vurğulayıb ki, tərəflər arasında "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlığı göstərən energetika sahəsində strateji tərəfdaşlıq da mövcuddur: "Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və azad ticarət zonasının inkişafına dəstək verilməsində də maraqlıyıq".
O, yaxın vaxtlarda Avropa İttifaqı və Azərbaycanın ümumi aviasiya sazişi üzrə danışıqları yekunlaşdıracağına ümid etdiyini deyib.
Baki-xeber.com