Qasım Hacıyev: “Vicdanlı Piter Teys Azərbaycanın ermənilərin, ermənilərin isə azərbaycanlıların dini və maddi-mədəni dəyərlərinə, abidələrinə göstərdiyi münasibəti müqayisə edərək erməni vandalizmi barədə yazmaya bilməyib” Firdovsiyyə Əhmədova: “Əcnəbi analitikin həqiqəti görməsi, onu öz yazısında qələmə alması erməni xislətinin, vandalizminin beynəlxalq aləmdə ifşa edilməsinə xidmət edir”
Ermənistanın Cənubi Qafqaz bölgəsinin “qara yarası” olduğunu artıq Avropa ölkələrinin alimləri, politoloq və ekspertləri də etiraf edirlər. Sülhün və birgəyaşayışın qənimi olan ermənilərin işğal altında saxladıqları Azərbaycan ərazilərində maddi mədəniyyət, dini abidələrə qarşı vandalizm hərəkətləri həyata keçirməsi xarici mütəxəssislərin diqqətindən qaçmır.
Ermənistanın Qafqazda mövcud olan multikulturalizmi inkar etdiyini yazan dünyada tanınan analitik Piter Teys İspaniyanın “21-ci əsrin gündəliyi” adlı xəbər portalında dərc etdirdiyi “Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı” adlı məqaləsində erməni saxtakarlığı ifşa edilir.
P.Teys məqaləsində yazır ki, Azərbaycan erməni xalqına məxsus mədəni və dini abidələrin qorunmasına böyük diqqət ayırır: “Bakı şəhərinin mərkəzində 5500 nəşrdən ibarət kitabxananın olduğu erməni kilsəsi mövcuddur və bu dini abidənin qorunmasına Azərbaycan hökuməti tərəfindən kifayət qədər resurs ayrılıb. Burada bir haşiyəyə çıxmaq lazımdır ki, Azərbaycan Respublikasının ərazisinin 20 faizi məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, işğal olunmuş ərazilərdə mövcud olmuş, Azərbaycan xalqının qədim tarixini özündə əks etdirən bütün mədəni və dini abidələr dağıdılıb. İşğal nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayonda yaşayan azərbaycanlılar zorla öz doğma yurdlarından didərgin salınıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, P.Teys öz fikirlərində tamamilə haqlıdır. Q.Hacıyevin sözlərinə görə, Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm mühiti imkan verir ki, ölkəmizdə hər bir xalqa aid maddi-mədəni dəyər olduğu kimi qorunsun. İndiyə qədər Azərbaycanın heç bir erməni abidəsinə qarşı zorakılıq törətmədiyini, onların dövlət tərəfindən qorunma altına alındığını deyən Q.Hacıyevin bildirdiyinə görə, ancaq ermənilər həm işğal etdikləri Dağlıq Qarabağda və ətraf rayonlarda, eləcə də Qərbi Azərbaycanda azərbaycanlılara aid bütün maddi mədəniyyət, dini abidələri məhv edirlər. “Artıq ermənilərin əməlləri bütün dünyada elmi dəlillərlə sübut olunur, onları xarici ölkə alimləri ifşa edirlər. Ermənistanla Azərbaycanı müqayisə edən xarici ölkə analitikləri, politoloq və tarixçiləri hər iki ölkə arasında böyük fərqin olduğunu aydın şəkildə görürlər. Xarici mütəxəssislər görürlər ki, Bakının mərkəzindəki erməni kilsəsi dövlət tərəfindən qorunur, hərtərəfli diqqətdə saxlanır, erməni dini abidəsi kimi təqdim edilir, lakin işğal altında olan Dağlıq Qarabağda və ətraf rayonlarda bizə aid olan bütün abidələr məhv edilib, qalanları isə erməniləşdirilib. Bu, dünyanın gözü qarşısında baş verib. Bu gün vicdanlı insanlar meydana çıxıb ermənilərin multikulturalizm düşməni olduqlarını açıq şəkildə ortaya qoyurlar. Vicdanlı Piter Teys Azərbaycanın ermənilərin, ermənilərin isə azərbaycanlıların dini və maddi-mədəni dəyərlərinə, abidələrinə göstərdiyi münasibəti müqayisə edərək erməni vandalizmi barədə yazmaya bilməyib. O, ermənilərin bizim abidələrə qarşı vəhşiliyindən bəhs etməklə onların əməllərini bütün dünyada ifşa edib.
Bilirsiniz, Avropanın müxtəlif alimləri gəlib işğal altında olan Dağlıq Qarabağda qanunsuz arxeoloji qazıntılar aparırlar. Yaxşı olardı ki, Avropa alimləri öz həmkarlarını bu işdən çəkindirsinlər” - deyə Q.Hacıyev qeyd etdi.
Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova da hesab edir ki, P.Taysın məqaləsində yer alan müqaysə tam yerindədir. Bakının mərkəzində erməni kilsəsinin qorunması faktının xarici ekspertlərin də diqqətini çəkdiyini deyən F.Əhmədovanın sözlərinə görə, bunun əcnəbilər tərəfindən etiraf edilməsi müsbət haldır. “Xarici tədqiqatçıların, turistlərin Ermənistana, yaxud qanunsuz olaraq Dağlıq Qarabağa gedərkən orada qeyri-ermənilərə məxsus abidələrin vəziyyətini görməsi və sonra onu Azərbaycandakı vəziyyətlə müqayisə etməsi, onların arasında yerlə-göy qədər fərqi aşkarlaması təbiidir. Çünki Azərbaycan multikultural bir ölkədir və burada başqa xalqlara, dinlərə, mədəniyyətlərə aid bütün abidələr olduğu kimi qorunub saxlanır, dövlət tərəfindən hər cür şəraitlə təmin edilir. Onlar Ermənistanda, yaxud erməni işğalı altında olan Azərbaycan torpaqlarında isə azərbaycanlılara məxsus dini, maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdıldığını, yerlə-yeksan edildiyini aydın şəkildə görürlər. Bu fakt da onlara geniş müqayisə etmək imkanı verir. Xarici analitik açıq şəkildə yazır ki, Azərbaycan torpaqları, maddi mədəniyyət, dini abidələri ermənilərin təcavüzünə məruz qalıb, ermənilərə aid dəyər isə Azərbaycanda dövlət səviyyəsində qorunur. Cənubi Qafqaza yad olduqlarını və burada heç bir tarixi dövlətə malik olmadıqlarını ört-basdır etmək üçün etnik təmizləmə siyasəti həyata keçirməyə və burada yerli əhalinin, türklərin izlərini itirməyə nail olublar. Ona görə də bu gün erməni işğalında olan dədə-baba yurdlarımızda bir dənə də olsa bizə aid abidə qoymayıblar, bir çoxunu dağıdıblar, qalanları isə öz adlarına çıxıblar. Bu gün Azərbaycanda nəinki ermənilərə aid kilsə qorunur, hətta Azərbaycan vətəndaşları olan ermənilər də burada tamamilə sərbəst yaşayır, işləyir, heç bir problemlə üzləşmirlər. Bu, təbii ki, xarici ekspertlərin də diqqətindən qaçmır. Avropa, Amerika alimləri, analitikləri Azərbaycanı tanıdıqca, araşdırdıqca, ölkəmizin tolerant, multikultural bir ölkə olduğunu dərk edirlər və Ermənistanın bizim ölkədən fərqləndiyini aydın şəkildə görürlər” - deyə alim bildirdi.
P.Teysin bu həqiqəti etiraf etməsini təqdir edən tarixçi bildirdi ki, bu onun vicdanlı bir ekspert olmasından və həqiqəti görmək bacarığından irəli gəlir: “Əcnəbi analitikin həqiqəti görməsi, onu öz yazısında qələmə alması erməni xislətinin, vandalizminin beynəlxalq aləmdə ifşa edilməsinə xidmət edir. Əminəm ki, belə vicdanlı insanlar, qələm sahibləri daim həqiqətin yanında olacaqlar və həmişə bu cür mövqe nümayiş etdirəcəklər”.
İradə SARIYEVA