Rəsul Cahangirli: “Həyata keçirilən bir sıra layihələr gözlənilən səmərəni vermədi”
Türkiyədə keçirilən son seçkilərlə bağlı ümumi nəticələr məlum olsa da, hələlik yekun rəy yoxdur. Məsələ ondadır ki, CHP namizədinin qalib elan edildiyi İstanbulda səslərin yenidən sayılması da onu göstərir ki, prosesin gərginliyi səngimir.
Ancaq ortaya çıxan ümumi mənzərə onu göstərir ki, AKP, ümumilikdə, irəlidə olsa da, digər seçkilərlə müqayisədə geriləyib. Xüsusilə paytaxt Ankara, ən böyük şəhər olan İstanbulda və 10-dan artıq şəhərdə müxalif “CHP-İYİ partiya ittifaqı”na uduzması hakim partiyanın siyasi nüfuzunun geriləməsi kimi qiymətləndirilir. Bu vəziyyəti şərtləndirən amillər, prosesdə siyasi, yoxsa iqtisadi faktorların daha çox rol oynaması müzakirə mövzusudur.
Belə fikirlər var ki, hakim partiyanın yeritdiyi daxili iqtisadi siyasət nəticələrin belə alınmasına gətirib çıxarıb. Yəni bu səbəbdən hakim partiya əvvəlki illərlə müqayisədə xeyli səs itirib. Nəzərə almaq lazımdır ki, AKP ötən illərdə keçirilən bələdiyyə seçkilərində belə çətinliklərlə üzləşməyib. Adətən bələdiyyə seçkilərini böyük üstünlüklə udub. Belə fikirlər var ki, iqtidarın daxili siyasətə yönəlik iqtisadi islahatlarında müəyyən problemlərin yaranması, lirənin dollara nisbətdə dəyərdən düşməsi, müəyyən iqtisadi kataklizmlərin yaşanması orta statistik seçiciyə öz təsirini göstərib. Bu da, öz növbəsində, sözügedən mənzərənin yaranmasına gətirib çıxarıb.
Maraqlıdır, bələdiyyə seçkilərinin nəticələri aparılan daxili iqtisadi siyasətlə nə dərəcədə əlaqəlidir? Aparılan iqtisadi siyasətin buna təsirləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, hakim partiyanın səs itirməsində iqtisadi amillərin rolu böyükdür: “Bu, hakim partiyanın yeritdiyi iqtisadi siyasətlə bağlıdır. Hakim partiya 2014-cü ildə qalib gəldiyi bir sıra bələdiyyələrdə bu dəfə uğur qazana bilmədi. Ona görə ki, son illər Türkiyə iqtisadiyyatında geriləmə var. Bu da birbaşa seçkilərin nəticələrinə öz təsirini göstərir. Türkiyədə əhalinin sosial-iqtisadi vəziyyəti əvvəlki kimi deyil. İşsizlik xeyli artıb. Bu proseslərin əsas aparıcı xətti maliyyə-bank sistemində oldu. Əhalinin gəlirlərinin dəyərsizləşməsi, Türkiyədə inflyasiyanın yüksək səviyyəsi, dövlətin borclarının artması, investorların ölkədən çıxması və nəticədə iş yerlərinin bağlanması öz təsirini göstərdi. Bütün bunlar Türkiyədə hakim partiyanın əvvəlki nüfuzunun xeyli azalmasına gətirib çıxardı. Deməyim odur ki, hakim partiyanın səs itirməsində iqtisadi faktorun önəmi daha çoxdur. Həyata keçirilən bir sıra layihələr gözlənilən səmərəni vermədi. Onu da nəzərə almaq lazımdır ki, Türkiyənin ABŞ-la münasibətlərində yaşanan gərginliklər də iqtisadiyyata mənfi təsir edib. Həyat şərtlərinin çətinləşməsi və lirənin ucuzlaşması proseslərə öz təsirini göstərdi. Bu faktor yaxın gələcəkdə Türkiyə üçün əhəmiyyətli rol oynayacaq. Əgər sosial-iqtisadi vəziyyətdə ciddi dəyişikliklər baş verməsə, o zaman növbəti seçkilərdə hakim partiya daha çox səs itirə bilər. İqtisadi sahədə vəziyyətin düzəldilməsi üçün səylər artırılmalıdır. Xarici borclar artıb, ölkəyə sərmayə qoyuluşu azalıb. Digər tərəfdən, ölkədən kapital axını artıb. Ona görə də iqtisadi sahədə olan dövlət siyasətində ciddi dəyişikliklər həyata keçirilməlidir”.
Vidadi ORDAHALLI