Elşən Manafov: “Hələlik bununla bağlı konkret nəsə demək çətindir” “Rusiya öz maraqlarını Cənubi Qafqazda qorumaq istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdır”
Rusiya Prezidenti Vladimir Putinin Vyana danışıqlarından sonra Azərbaycan və Ermənistan dövlət başçıları ilə telefon əlaqəsi yaratması maraq doğurdu. Bu arada belə fikirlər səslənir ki, Rusiya əvvəlki illərdən fərqli olaraq, indi Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır. Bu səbəbdən Putin səylərini artırır.
Bu versiya onunla əlaqələndirilir ki, indiyə qədər Qarabağ konfliktinin donmuş vəziyyətdə qalması Rusiyaya sərf edirdi. Yəni Rusiya üçün bu status-kvo həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamağa imkan verirdi. İndi isə situasiya dəyişib. O mənada ki, Ermənistanda hakimiyyətə yeni qüvvələr gəlib. Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı proseslər gedir. Belə olan halda, Dağlıq Qarabağla bağlı mövcud status-kvo Moskvanın maraqlarına daha əvvəlki kimi cavab vermir. Uzun illər vəziyyətin belə qalması Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarına bundan sonra mənfi təsir edəcək. Ona görə də Rusiya bölgədə maraqlarını bundan sonra da qorumaq istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı real addımlar atmalıdır.
Bu arada bəzi Rusiya ekspertləri də buna bənzər versiyalar səsləndirirlər. Qeyd olunur ki, İlham Əliyev və Paşinyan arasında Vyanada keçirilən görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı Moskva-Bakı-İrəvan üçbucağında telefon danışıqlarının intensivləşdirilməsi təsadüfi deyil. ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkə rəhbərlərindən fərqli olaraq, yalnız Rusiya Prezidenti münaqişənin sülh yolu ilə həllinin tapılmasına yardım etmək üçün fəal şəkildə çalışır. Rusiyalı ekspertlərin fikrincə, 2016-cı ilin aprelində Putinin səyi ilə cəbhədə atəşkəs bərpa olunub. Paşinyan baş nazir olandan sonra Düşənbə şəhərində İlham Əliyevlə Nikol Paşinyan arasında şifahi razılaşmalara nail olmaqda vasitəçilik edən Putin olub.
Bütün bu deyilənlərin fonunda, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırması fikirləri nə dərəcədə realdır? Ekspertlər bununla bağlı səslənən versiyaları necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri birmənalı olmayıb. Etiraf etmək lazımdır ki, Yeltsin prezident olanda Rusiya dolayısı yolla Ermənistanın mövqeyini müdafiə edirdi. Putin prezident olandan sonra Rusiyanın məlum münaqişəyə münasibətdə mövqeyində kardinal dəyişiklik olmasa da, hər halda əvvəlki dövrdə olduğu tərzdə Ermənistan maraqları nəzərə alınmır. Bu da Rusiyanın dünyanın dəyişməkdə olan geosiyasi reallıqlarına münasibətindən qaynaqlanan bir mövqedir. Başqa bir tərəfdən, regionda da vəziyyət dəyişməkdədir. ABŞ Suriyada müəyyən layihələri həyata keçirmək istəyir. Rusiya Suriyadan geri çəkilsəydi, o zaman Ərəb dünyasında nüfuzunu itirərdi. Digər tərəfdən, NATO Rusiya ətrafında hərbi bazalarını genişləndirir. Bununla yanaşı, Rusiyaya yönəlik sanksiyalar artır. Bütün bunlar Rusiyanı MDB məkanında öz geosiyasi maraqlarını qorumaq üçün mübarizəni gücləndirməyə sövq edir. Nəzərə almaq lazımdır ki, Ukraynada baş verənlər Rusiyanın nüfuzuna güclü zərbə vurdu. Bir şeyi unutmaq olmaz ki, Saakaşvili prezident olandan sonra Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə daha kəskin fazaya daxil olub. Hələlik Rusiya müəyyən mənada Gürcüstanın Qərbə inteqrasiyasını ləngitsə də, bu çox uzun çəkməz. Ötən il Ermənistanda baş verən dəyişikliklər də göz qabağındadır. Paşinyanın reallıqda hansı maraqlara xidmət etdiyini tam mənada proqnozlaşdırmaq olmur. Ziddiyyətli bəyanatlar Paşinyanı Qərbin adamı kimi göstərsə də, o, Rusiyadan ehtiyat edir. O da bir həqiqətdir ki, Kreml postsovet məkanındakı münaqişə ocaqlarından rıçaq kimi istifadə edir. Ancaq get-gedə situasiya dəyişir. Digər tərəfdən, Ermənistandan fərqli olaraq, Azərbaycanla təhdid və təzyiq dilində danışmaq mümkün deyil. Ona görə ki, Azərbaycanın müstəqil enerji siyasəti var, strateji bir məkanda yerləşir, özünü ərzaqla təmin edir və s. Bizim Rusiyadan əsas gözləntimiz Qarabağ məsələsinin həllində Kremlin sərgiləyəcəyi mövqedir. Rusiya öz maraqlarını Cənubi Qafqazda davamlı qorumaq istəyirsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdır. Bununla bağlı Kreml bir qədər tələsməsə, sonra başqa reallıqlar ortaya çıxa bilər. O baxımdan proseslərin gedişini izləmək lazımdır. Hələlik bununla bağlı konkret nəsə demək çətindir”.
Vidadi ORDAHALLI