Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.
Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.
2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.
Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edilib.
Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb, onlarla səmimi söhbət edib.
Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayaraq deyib:
“Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.
Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.
Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm. Sağ olun”.
Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.