Bu gün hərbi qüdrətinə görə Azərbaycan nəinki Qafqazda, eləcə də MDB, Şərqi Avropa məkanında dünyanın ən güclü ölkələrindən biri sayılır. Xatırladaq ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatda bildirilib ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Təşkilatın 2019-cu il üzrə siyahısına əsasən Azərbaycan ordusu bir pillə də irəliləyərək gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci, Ermənistan isə 96-cı yerdədir.
Bütün bunlar bir daha Azərbaycanın hərbi baxımdan işğalçı Ermənistanı dəfələrlə üstələdiyini aydın şəkildə nümayiş etdirir. Belə vəziyyət həm də o deməkdir ki, Qarabağ konflikti hərbi müstəviyə keçəcəyi təqdirdə Azərbaycan çox asanlıqla istədiyi nəticəyə nail olaraq ərazi bütövlüyünü bərpa edəcək. Özü də burada düşmən nəzərə almalıdır ki, savaş hələ başa çatmayıb və istənilən an qaynar mərhələyə keçə bilər. Qeyd olunan xüsusda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışı zamanı işğalçı tərəfə yenidən çox aydın mesajlar verdi. Dövlət başçısı vurğuladı ki, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Eyni zamanda diqqətə çatdırıd ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir: “O ki qaldı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”. İlham Əliyev bildirdi ik, danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır.
Aydındır ki, Ermənistan bütün bunlardan lazımi nəticə çıxarıb məsələnin dinc həlli üçün gərəkən addımlar atmasa, savaş qaçılmaz olacaq. Əslində, düşmən ölkədə də yaxşı bilirlər ki, İrəvanın qeyri-konstruktivliyi savaşı tətikləyən amildir. Məsələn, Ermənistanın işğal altında olan Qarabağda qanunsuz formalaşdırdığı hərbi birləşmənin sabiq komandiri Levon Mnatsakanyan bildirir ki, vəziyyət dəyişməsə, məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçməli olacaq. Onun sözlərinə görə, vəziyyətin kənardan baxarkən sakit olduğunu demək olar, lakin Azərbaycanın davamlı olaraq silah aldığı nəzərə alınmalıdır. Hər gün ölkəmizin yeni silah nümunələri əldə etməklə silah anbarını genişləndirdiyini qeyd edən Mnatsakanyan eyni zamanda Azərbaycan ordusunda hər gün bu silahların mənimsənilməsi üçün məşqlərin keçirildiyini də bildirib. O, bu təlimlərdə Azərbaycanın müxtəlif ölkələrdən təlimatçılar cəlb etdiklərini qeyd edir: “Azərbaycan Qarabağa de-yure müstəqillik verməyəcək. Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir”.
Ermənistanın Demokratiya partiyasının rəhbəri Aram Sarkisyan da danışıqların dalana dirənməsinin Ermənistan üçün heç də xoş olmayan savaş vəd etdiyini deyir: “Bu gün danışıqlar prosesini dalana dirəyən mövcud gündəm dəyişərsə, danışıqlar yeni mərhələyə daxil olacaq. Lakin hələlik bu real görünmür”. Aram Sarkisyan indiki vəziyyətdə Qarabağ münaqişəsinin həlli prosesində barışıq perspektivi görmədiyini bildirib: “Hər iki tərəf öz mövqeyini iddia edirsə, belə halda kimin doğru olduğuna qərar verilməsi üçün hakimin olmasına zərurət var. Bütün mümkün üsullar bugünədək istifadə edilsə də, razılığa gəlməyin mümkün olmadığı faktdır. Bu da savaşa yol açır. Amma nəzərə alaq ki, Azərbaycan daha 1990-cı illərin ölkəsi deyil, ordusunu hər gün gücləndirir”.
Elə rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də bildirir ki, əslində, savaş erməni tərəfinin məsuliyyətsiz daranışı üzündən başlana bilər: “Məsələn, Ermənistan müdafiə nazirinin bəyanatı belə deməyə əsas verir ki, Vyanada Azərbaycan və Ermənistan rəhbərləri hər hansı məsələ ətrafında razılığa gəlməyiblər. Bu da savaş ehtimalını yüksəldir”.
Qeyd edək ki, Vyanada Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüş konstruktiv adlandırılsa da, Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda xüsusi bəyanatla çıxış edərək bildirib ki, bundan sonra “sülh müqabilində ərazi” formatı olmayacaq. O, bunu başqa cür formalaşdıraraq, “yeni müharibə, yeni ərazilər” kimi təqdim edib. Bu deyilənlərin danışıqların nəticəsi ilə hər hansısa bağlılığına gəldikdə isə, rusiyalı hərbi ekspert Xramçixinin qeyd edib ki, ritorikanın bu dərəcədə kəskinləşməsi o deməkdir ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən danışıqlarda heç bir razılıq əldə edilməyib. Xramçixin bunu təbii hesab etdiyini qeyd edib. O, hər iki rəhbərin mövqeləri tamamilə bir-birilə ziddiyət təşkil etdiyi halda münaqişənin nizamlanması sahəsində hansı razılıq və ya güzəştlərin əldə edilə, nə barədə danışıqlar aprıla biləcəyini anlamadığını dəfərlərlə qeyd etdiyini vurğulayıb. Ekspert bu görüşün, çox müzakirə edilməsinə baxmayaraq, əvvəlcədən də heç bir gözləntisinin olmadığını bildirib. Xramçixin qeyd edib ki, rəsmi bəyanat və şərhlərdə humanitar tədbirlərin keçirilməsi, vəziyyəti gərginləşdirən bəyanatlardan çəkinməyə dair bəzi məsələlər ətrafında konsensus var. Bunun razılaşma olmasına gəldikdə isə, Xramçixin deyib ki, hər hansı söhbətlər aparıla bilər: “Ehtimal edilir ki, belə də olub. Bu razılaşmaların necə həyata keçirildiyini, Azərbaycan və Ermənistan arasındakı mühitə necə təsir edəcəyini yaxında görərik”. Xramçixin həmçinin rəhbərlər arasında keçirilən görüşün konstruktiv olmasının bəyanının həmsədrlərin fəaliyyətinin tərkib hissəsi olduğunu da qəbul etməyi xatırladıb: “Nə dərəcədə nəticəsiz olsa belə, həmsədrlər danışıqlar prosesini alqışlamalıdır. Həmsədrlərin işi bu görüşlərin təşkil edilməsindən ibarətdir. Münaqişənin tarixçəsinə nəzər saldıqda bu görüşlər baş tutub, lakin əksər hallarda ciddi nəticələrə gətirib çıxarmayıb. Bu, baş verənlərin digər tərəfidir. Ancaq ciddi məsələlər ətrafında hər hansısa bir razılaşma əldə edilmədiyinə görə erməni tərəfi hərbi ritorikasını dəyişir. Müharibə olmadan bu münaqişəni həll etmək mümkün deyil. Müharibənin nə vaxt olacağını demək çətin olsa da, bu müharibədən yayınmaq qeyri-mümkündür”. Tərəflərin danışıqlar prosesinə yeni təkan verildiyini bəyan etməsinə baxmayaraq, bu danışıqların hər hansı bir nəticə verməyəcəyinə gəldikdə isə, ekspert bildirib ki, tərəflərin mövqeləri bir-birilə ziddiyət təşkil edirsə, bu halda münaqişənin həlli üçün vacib olan güzəştlərdən yox, yalnız tərəflərdən birinin sözsüz kapitulyasiyasından danışmaq olar. Hərbi ekspert buna görə də hansı tərəfin və niyə kapitulyasiyaya gedəcəyini bilmədiyini qeyd edib: “Kapitulyasiya yalnız daha bir müharibə nəticəsində baş verə bilər. Bir çox vacib məsələlər ətrafında razılıq olmadan münaqişənin həll edilməsinin mümkün olmadığı halda, həmçinin bu danışıqlarda hər hansı konsensus əldə edilmədiyi bir vaxtda tərəflər niyə və nə barədə danışıqlar aparır? Bu danışıqlar mühitinin nə qədər davam edəcəyinə gəldikdə isə, danışıqlar prosesinin prinsipləri sonsuzluğa qədər uzadıla bilər və bu status-kvo erməni tərəfi üçün əlverişli olduğuna görə açıq-aşkar məlumdur ki, Ermənistan buna qarşı deyil. Azərbaycan isə, əlbəttə, uzun müddət gözləyə bilməz. Sadəcə olaraq, Azərbaycan tərəfinin münaqişəni hərb yolu ilə həll etməyə nə vaxt başlayacağını deyə bilmərəm, bunun üçün xarici amillər də var. Amma Azərbaycanın hərbi cəhətdən kifayət qədər üstün olması da faktdır və yaxşı olardı ki, Ermənistanda bunu nəzərə alsınlar. Dəyişiklik yaşanmasa, müharibə olacaq, amma yenə də deyirəm, yeni müharibənin nə zaman olacağını deyə bilməyəcəm”.
Ermənilərin özləri də daxil olmaqla digər ekspertlərin ümumi rəyi budur ki, savaş olacaqsa, Ermənistan ağır zərbələr alacaq. Buna rəğmən, Azərbaycan hələ də məsələnin dinc müstəvidə həllində maraqlı olduğunu bildirir, lakin sadəcə, danışıqlar xatirinə danışıqlar aparmaq niyyətinin olmadığını da açıq bəyan edir. Bu isə o deməkdir ki, Ermənistan indiki mövqeyindən geri çəkilməsə, savaşın başlanması qaçılmazdır və buna görə bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşür.
İndilikdə Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlarda maraqlıdır. Məhz substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Elə danışıqlar prosesində də Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üşün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun tərəfdarı olduğunu vurğulayır. Lakin hələlik görünən budur ki, Ermənistan hələ də Bakının bu istiqamətdə təklif və addımlarına adekvat reaksiya verməkdə çətinlik çəkir. Məhz bu da münaqişənin güc yolu ilə həllini sürətləndirməkdən başqa heç nəyə xidmət etmir. Münaqişənin belə şəraitdə çözümü isə Ermənistanın daha sarsıdıcı zərbələrə tuş gəlməsini qaçılmaz edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.