Fikrət Sadıqov: “Bütün bunlardan, təbii ki, ermənilər müəyyən təşvişə düşür və narahat olurlar”
“Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”. Bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsindəki çıxışında qeyd edib.
Bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğunu vurğulayan dövlət başçısı bildirib ki, ordu quruculuğu prosesi sürətlə gedir, hərbi hissələrimiz yenidən qurulur, ordumuz ən müasir texnika ilə təchiz edilir: “Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”.
Aprel döyüşlərini bizim böyük tarixi qələbəmiz kimi dəyərləndirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirib və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib: “Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər”.
Dövlət başçısı onu da qeyd edib ki, haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir: “İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir”.
Görünən odur ki, Azərbaycan sona qədər işğalla brışmayacaq. Nə qədər ki, işğal olunmuş ərazilər qaytarılmayıb, o zaman müharibənin bitdiyindən söhbət belə gedə bilməz. Yəni danışıqlar nəticə verməyəcəksə, o zaman Azərbaycan güc yolu ilə işğal olunmuş əraziləri azad edəcək. Bütün bunlarla yanaşı, diqqətçəkən məqamlardan biri də odur ki, Prezident İlham Əliyevin müharibənin hələ bitmədiyi barədə səsləndirdiyi fikirlər Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağdakı separatçı qurumda narahatlıqla qarşılanıb. Qarşı tərəf buna həssas yanaşıb və bu müəyyən reaksiyalara səbəb olub. Ermənilərin buna belə yanaşmasının səbəbi nə ilə bağlıdır? Ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov ermənilərin sözügedən məsələyə belə həssas yanaşmalarını bir sıra faktorlarla əlaqələndirdi: “Erməni rəhbərlərinin, xüsusən də Ermənistan müdafiə nazirinin sərsəm bəyanatları fonunda, bizim dövlət başçımızın konkret yanaşma sərgiləməsi qarşı tərəfi narahat edir. Onları düşünməyə vadar edir. Məsələ ondadır ki, Azərbaycan dövlət başçısı reallığa uyğun hərəkət edir. Çünki torpaqlar bizim torpaqlardır. Biz heç vaxt onları azad etmək fikrindən daşınmamışıq və bundan imtina etməmişik. Nəinki imtina etməmişik, hətta torpaqların azad edilməsi bizim hazırda yeganə vahid bir məqsədimizdir. Azərbaycanın həm diplomatik, həm də siyasi addımları buna yönəlib. Prezident İlham Əliyev təmas xəttinə gedib əsgərlərlə görüşür, onları ruhlandırır və ən başlıcası, konkret vəzifələr haqqında danışır. Bütün bunlardan, təbii ki, ermənilər müəyyən təşvişə düşür və narahat olurlar. Qarşı tərəf anlamalıdır ki, reallıq nədən ibarətdir. Ona görə də bu reallıqları nəzərə alıb nəticə çıxarmalıdırlar. Nəticə çıxarmayacaqlarsa, o zaman bütün bunlar işğalçı Ermənistana baha başa gələcək. Müharibənin bitməməsi o deməkdir ki, torpaqlar sülh yolu ilə geri qaytarılmasa, Azərbaycan güc yolu ilə öz ərazilərini azad edəcək. Ermənistanın imkanları və gücü Azərbaycanla müqayisə oluna bilməz. O mənada ki, qarşı tərəf qat-qat bizdən zəifdir. Ona görə də Ermənistan və separatçılar narahatdırlar. Müharibə risqi onları çox narahat edir. O üzdən, səslənən fikirlərə belə həssas yanaşırlar”.
Vidadi ORDAHALLI