Azərbaycanın uğurlu diplomatik gedişləri bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər maraqlı bir vəziyyətin formalaşması ilə müşayiət olunmaqdadır. Söhbət işğalçı Ermənistanın beynəlxalq miqyasda təklənməsindən və hətta hamilərinin də İrəvandan imtina etməsindən gedir. Elə bu fonda Ermənistanda açıq etiraf edilir ki, Qarabağ konfliktinə görə getdikcə daha böyük problemlərlə üzləşirlər. Özü də bu problemlər ən müxtəlif sahələr, o cümlədən sosial-iqtisadi sferada özünü tam aydın şəkildə büruzə verir.
Eyni zamanda daha bir maraqlı cəhət odur ki, Bakının diplomatik gedişləri nəticəsində Ermənistan, yuxarıda qeyd olunduğu kimi, hamilərindən də əvvəlki kimi dəstək ala bilmir. Məsələn, Qarabağ məsələsində böyük təsir imkanlarına malik Rusiyanın Ermənistana münasibətində ciddi dəyişikliklərin qeydə alınması bu gün İrəvanda ən böyük narahatlıq predmetlərindən biri olaraq qalır. Ermənistanın Respublika Partiyasından olan deputat Samvel Fərmanyan bunu İrəvanın öz səhvi ilə izah edir. O bildirir ki, Nikol Paşinyanın siyasəti nəticəsində Rusiya Ermənistandan üz döndərib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində baş verənlər bunun real təzahürüdür:
“Ermənistan hələ KTMT-yə üzv olanda heç kəsin – nə Belarusun, nə də Qazaxıstanın ölkəmizin təhlükəsizliyinə zəmanət verəcəyini gözləmirdik”.
Fərmanyan qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyü Rusiya ilə hərbi-siyasi işbirliyinin tərkib hissəsinə daxildir: “Səmimi olmaq lazımdır. Bu reallığı qəbul etməsək, məyus olacağıq. Əminəm ki, KTMT-yə üzv olarkən heç kəs – nə Belarus, nə də Qazaxıstan təhlükəsizliyimizə zəmanət vermişdi. Buna görə də, indiki halda Rusiya ilə hərbi-siyasi işbirliyini genişləndirmək ən doğru qərardı. O üzdən də bu təşkilata üzv olan bütün ölkələrin hamısının Ermənistanın maraqlarından çıxış edəcəyini gözləmək doğru deyil”.
Respublika Partiyasından olan digər deputat Ayk Babuxanyan isə Ermənistan rəhbərliyinin KTMT üzvlərinə qarşı sərt ritorikasını tənqid edib. O, hökuməti müttəfiq dövlətlərlə münasibətlərdə həssas olmağa çağırıb: “Müttəfiqlərlə normal münasibətləri davam etdirməyin yollarını tapmaq lazımdır. Lakin hökumət bunun yerinə Ermənistanın sözügedən ölkələrlə münasibətlərini təhlükə qarşısında qoyub. Vəziyyət təhlükəli mərhələyə keçib. Ermənistanın müttəfiqləri ilə gərginliyi bizi narahat edir. Maraqlıdır ki, KTMT-dəki müttəfiqlərimiz bizi yumşaq tənqid edəndə Ermənistan rəhbərliyi buna sərt reaksiya verir, lakin ABŞ sərt tənqid edəndə, hətta təhdid edəndə belə yumşaq davranır.
Məsələn, baş nazirimiz onu yumşaq dillə tənqid edən Vladimir Putindən Ermənistanın daxili işlərinə qarışmamasını istəyir. Con Bolton isə İrəvana gəlir və Ermənistana xəbərdarlıq edir ki, Rusiya ilə münasibətləri dayandırın və münaqişəli əraziləri geri qaytarın, amma baş nazirimiz bunu ABŞ-ın Ermənistanın daxili işlərinə qarışması kimi qəbul etmir”. Belə vəziyyətdə Moskvanın İrəvana dəstəyini dayandırması təbii sayılır. Rusiyanın Ermənistana dəstəyinin kəsilməsi istiqamətində atılan addımlar isə Qarabağ konfliktinin həllində çox önəmli sayılır. Belə görünür ki, Moskva, ümumiyyətlə, İrəvanı regionda offsayt vəziyyətinə salmaqda maraqlıdır”.
Ekspertlər bildirir ki, bu təkcə Ermənistanda mövcud hakimiyyətin Rusiyaya qarşı çıxmasından qaynaqlanmır. Məsələ burasındadır ki, Rusiyanın hazırda cənub istiqamətə böyük ehtiyacı var. Çünki Rusiyanın Qərb istiqamətdə NATO, Baltikyanı ölkələr, Ukrayna və bəzi məsələlərdə Belarusla münasibətləri narahatedicidir. Bu səbəbdən Rusiyanın Azərbaycan, Türkiyə kimi mühüm ölkələrə ehtyiacı artıb. Burada istəklərinə maksimum dərəcədə nail ola bilmək üçün Kreml Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinin vacibliyini də yaxşı başa düşür. Elə Ermənistanı da narahat edən budur. Ermənistan faktiki olaraq diplomatik, iqtisadi müharibədə Azərbaycana uduzub. İrəvanın Rusiyadan olan dəstəyi də tam kəsilir.Türkiyənin də Rusiya sayəsində prosesdə aktivləşməsi İrəvanda artıq ciddi narahatlıq yaradıb. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə-Rusiya yaxınlaşması bütöv Avrasiya regionunda, hətta dünyada geosiyasi xəritənin yenidən çəkilməsi ilə müşayiət olunur. Türkiyə Qərbdən uzaqlaşaraq Rusiyanın liderliyində yenidən formalaşan Avrasiya blokuna doğru meyllənir. Türkiyə-Rusiya yaxınlaşması kontekstində Qarabağ məsələsinin prezidentlərin danışıqlarında mütəmadi olaraq gündəmə gəlməsi isə erməni tərəfinin narahatlığını artırır.
Ermənistanın İrana olan ümidləri də tədricən məhv olur. Əsas səbəblərdən biri ABŞ təzyiqi altında Ermənistanın İranla əməkdaşlıqdan yayınması, bir daha etibarlı mütəffiq olmadığını göstərməsidir. Halbuki, Azərbaycan-İran münasibətlərinin inkişafında hansısa problem yoxdur. Elə bir müddət əvvəl İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi də bildirib ki, Azərbaycanla İran arasındakı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə heç bir maneə yoxdur. O bildirib ki, İran və Azərbaycan xalqları arasında tarixi bağlantı əlaqələri mövcuddur: “Son illər iki dövlət arasındakı iqtisadi əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Bu gün iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsini yaşayır. İki qonşu və dost ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat, səhiyyə, energetika, turizm, dənizçilik, mədəniyyət, ekologiya və digər sahələri əhatə edən sənədlər imzalanıb. Ölkə prezidentlərinin siyasi iradəsinin nəticəsi olaraq imzalanan sənədlərə əsasən birgə iqtisadi layihələr həyata keçirilməkdədir. Bu layihələr hər iki ölkə xalqlarının mənafeyini əks etdirir. İran Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verir və rəsmi Bakının qarşılıqlı faydalı əməkdaşlıq təkliflərinə hər zaman müsbət cavab verib. Bu gün iki ölkə arasında çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişafı xalqlarımızın yaxınlaşmasına, regionda sülhün və əminamanlığın davamlı olmasına xidmət edir”. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan İranla əməkdaşlıqdan qaçır və bu hal Tehranın İrəvana qarşı mövqeyində dəyişikliyə gətirib çıxarır. Bura Qarabağ məsələsi də daxildir.
Digər tərəfdən, İran üçün regionda iqtisadi müstəvidə əsas tərəfdaş da elə Azərbaycandır. Xüsusən də “Şimal-Cənub” layihəsi fonunda bunu aydın görmək olar. Bu marşrutun işə düşməsi istiqamətində atılan addımlar nəticəsində Ermənistanda həyata keçirilən və ya reallaşdırılması nəzərdə tutulan layihələrin bir neçəsi aktuallığını itirib. Məsələn, bildirilir ki, bu ölkə üçün mühüm əhəmiyyət kəsb edən “Şimal-Cənub” avtomagistralı layihəsinin reallaşması artıq şübhə doğurur. Diqqət ona yönəldilir ki, hələ 2009-cu ilin sentyabrında Ermənistan Asiya İnkişaf Bankı ilə bu yolun tikintisi üçün kredit müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, magistral yolun tikintisi 2016-cı ildə başa çatdırılmalı idi. Amma tikinti işlərinə müqavilə imzalandıqdan üç il sonra başlanıb. 2012-ci ildə yolun az bir hissəsi tikilib, layihənin qiyməti isə artıb. 2012-ci ilin sentyabrında layihənin qiyməti 1 milyard ABŞ dolları olsa da, indi 2 milyard dollardır. Hazırda hökumət yolun tikintisi üçün əlavə vəsait axtarır. Avtomagistralın Ermənistandan keçən hissəsinin tikintisi üçün 1,5 milyard dollar tələb olunur. Yolun tam istifadəsi üçün daha çox vəsait lazımdır.
Ermənistan hökuməti də qəbul edir ki, beynəlxalq maliyyə təşkilatları artıq bu layihəyə investisiya yatırmaq istəmir. Ekspertlərin də fikrincə, “Şimal-Cənub” avtomagistralının tikintisi artıq sual altındadır. Bir neçə ildən sonra isə bu yol ümumiyyətlə mahiyyətini itirəcək. Ona görə ki, bu yol Azərbaycanın nəqliyyat şəbəkəsi ilə rəqabətə davam gətirə bilməyəcək və rentabelli olmayacaq. Digər tərəfdən, “Şimal-Cənub” avtomagistralının keçəcəyi İran da artıq bu layihəyə maraq göstərmir. İran üçün maraq doğuran “Şimal-Cənub” avtomagistralı yox, “Şimal-Cənub” dəmir yolu xəttidir ki, bu da Azərbaycandan keçir. Bütün bunlar, öz növbəsində, Ermənistanın İrana olan ümidlərinin puç olması deməkdir.
Bundan əlavə, məlumdur ki, rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tuturdu. Lakin bu ilin oktyabrında Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin İstanbulda baş tutan üçtərəfli görüşü və görüşdə qəbul olunan bəyannamə onu göstərir ki, İran Azərbaycanın Qarabağla bağlı mövqeyini müdafiə edir. Xatırladaq ki, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb. İranın bunu dəstəkləməsi İrəvan üçün zərbə sayılır. Onu da nəzərə alaq ki, təcrid olunmuş Ermənistanda iqtisadi vəziyyət olduqca acınacaqlıdır. Düşmən ölkə regiondakı bütün qlobal layihələrdən təcrid olunub. Bütün bu siyasi proseslər timsalında Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın və Rusiyanın maraqlarına cavab vermir. Bu səbəbdən həmin ölkələr İrəvanı arxa plana keçirərək Bakı ilə əməkdaşlığı dərinləşdirirlər. Ermənistanın Qərblə də münasibətləri arzuedilən səviyyədə deyil və Qərb ölkələri, o cümlədən ABŞ regionda əsas mütəffiq kimi Azərbaycanı qəbul edir. Bunu, Azərbaycandan fərqli olaraq, Ermənistanın Qərb təzyiqlərinə daha çox məruz qalması da sübut edir. Qonşu Gürcüstan da bu gün Ermənistanla müqayisədə Azərbaycanı özü üçün daha vacib tərəfdaş qismində qəbul edir. Bütün bunlar isə Ermənistanın təklənməsinin real təsdiqidir və belə vəziyyət Qarabağ münaqişəsinə də öz təsirini göstərir. Bu təsir isə indiki halda Azərbaycanın maraqlarına tam uyğundur və yaranmış durum konfliktin həllini tezləşdirməyə xidmət edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.