Vüqar Rəhimzadə: “Bu, dünyada sabitliyə xidmət edəcək və digər münaqişələrin də həllinə öz təsirini göstərəcək”
“Almaniya postsovet məkanındakı münaqişələrə göz yuma bilməz”. Bunu Berlində keçirilən sayca üçüncü Almaniya-Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya Kansleri Angela Merkel deyib. O bununla bağlı çıxışında bəzi məqamlara toxunub: “Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı probleminin, həmçinin, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”.
Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.
Almaniya ATƏT-in Minsk Qrupunun üzvü olsa da, həmsədr ölkə deyil. Ancaq Almaniyanın Avropada aparıcı bir dövlət olduğunu nəzərə alsaq, rəsmi Berlinin bu məsələdə rolunun artırılmasına çox ehtiyacı var. Ən azından, Avropa İttifaqı səviyyəsində Almaniya münaqişənin həllinə töhfə verə bilər. Reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Bu ölkə beynəlxalq hüquq normalarını kobud surətdə pozub. Hətta işğal edilmiş zonada Ermənistanın təyin etdiyi “administrasiya rəhbəri” çox sakit şəkildə Avropanı gəzir, beynəlxalq təşkilatlara müraciət edir.
Bütün hallarda, Almaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi mövqeyi ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Angela Merkelin məlum yanaşmasına müsbət prizmadan yanaşdı: “Almaniya rəhbərinin bununla bağlı mövqe ortaya qoyması müsbət haldır. Çünki Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Hesab edirəm ki, Almaniya kimi bir dövlətin başçısının belə bir fikir söyləməsi normaldır. Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir. Dünya siyasətində müəyyən rola malikdir. Avropa İttifaqı çərçivəsində də Almaniya müəyyən təşəbbüslərlə çıxış edə bilər. Təkcə Almaniya deyil, bütün Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı mövqe ortaya qoymalıdırlar. Beynəlxalq hüququn təmin olunması ilə bağlı müvafiq tədbirlər görməlidirlər. Onlar bu kimi münaqişələrin həllində öz mövqelərini qətiyyətlə qoysalar, o zaman nəticə əldə etmək olar. Bu, dünyada sabitliyə xidmət edəcək və digər münaqişələrin də həllinə öz təsirini göstərəcək. Ona görə də Angela Merkelin məlum yanaşmasına müsbət prizmadan baxmaq olar”.
Vidadi ORDAHALLI