Akif Nağı: “Paşinyanın Saakyana ünvanladığı hədələr səhnələşdirilmiş bir teatrın tərkib hissəsidir”
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Çəmbərək şəhərində seçiciləri ilə görüşü zamanı Dağlıq Qarabağdakı qondarma rejimi sərt tənqid edib və hədələyib. Ermənistan KİV-inin məlumatına görə, N.Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin Ermənistandakı siyasi proseslər barədə tez-tez şərhlər verməsinə hiddətlənib: "Məni ittiham etdilər ki, bax, hakimiyyətə gəldim və Qarabağı satıram".
Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin "prezidenti" Bako Saakyanın mətbuat katibi David Babayanı da hədəfə alıb. Onu hiddətləndirən isə Babayanın Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərdiyini xatırlatmasını “spekulyasiya” adlandırmasıdır: “Mən Dağlıq Qarabağ nümayəndələrinin fəallığını başa düşmürəm. Onlar niyə fəallaşıblar? Nəyə görə Ermənistandakı parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasında öz iştiraklarını bu cür büruzə verirlər?” N.Paşinyan David Babayanın özünü qeyri-korrekt apardığını və səlahiyyətlərini aşdığını bildirib: “Cənab B.Saakyan, sizi nazirlər kabinetinizin nümayəndələrini özlərini abırlı aparmağa dəvət etməyə və onları işə göndərməyə çağırıram. Nəyə görə Qarabağın prezidentinin mətbuat katibi mənim açıqlamalarımı şərh etməlidir? Mənim mətbuat katibim Qarabağdakı məlum olan və olmayan hadisələri şərh etsə, nə olacaq? Bunun nəticələrini və hansı fəsadlar doğuracağını təsəvvür edirsiniz? Özünüzə gəlin və öz işinizlə məşğul olun. Əlbəttə, mən sizinlə müzakirələr aparacağam, amma artıq seçkilərdən sonra. Ona qədər isə təkrar edirəm, öz işinizlə məşğul olun!”. Qeyd olunur ki, Ermənistanın müstəqilliyi dövründə ölkə rəhbərliyi Qarabağ separatçıları ilə ilk dəfədir belə açıq şəkildə və hədələyici tonda danışır.
Paşinyanın bu hədələri reallığı əks etdirə bilərmi, yoxsa bu, Dağlıq Qarabağdakı qondarma rejimin guya müstəqil qurum olması istiqamətində süni mifin yaradılması cəhdidir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələdə Paşinyanın səmimiyyətinə qətiyyən inanmır: “Gəlin hadisələrə bir qədər xronoloji və Paşinyanın davranışları aspektindən yanaşaq. Paşinyan hakimiyyətə gələn kimi ilk səfərini Dağlıq Qarabağa etdi və orada bəyan etdi ki, həmin tanınmayan subyekt danışıqlar prosesində müstəqil tərəf kimi iştirak etməlidir. Müəyyən təpkilərdən sonra həmin təbliğatına bir qədər ara verdi. Bu da seçki ilə bağlı olan məsələdir. Seçkiqabağı təbliğat prosesində yenidən həmin ritorikanı davam etdirdi. Elə bu ərəfələrdə qondarma qurumun rəhbəri məhz üç həmsədr ölkəyə səfər etdi. Bax, bunun özü də düşündürücüdür, niyə məhz həmsədr ölkələrinə? Əminəm ki, Saakyan orada gizli də olsa rəsmilərlə görüşüb və Dağlıq Qarabağın taleyi ilə bağlı hansısa müzakirələr aparıb. Sanki Dağlıq Qarabağa bağlı hansısa gizli bir planın həyata keçirilməsi istiqamətində iş aparırlar. Mən Paşinyanın son bəyanatını bu istiqamətdə olan imitasiya kimi dəyərləndirirəm. İndidən belə süni ziddiyyət yaradırlar ki, sabah desinlər bizim qondarma rejimə təsirimiz yoxdur və gedin onların atdıqları addımla bağlı özləri ilə müzakirə aparın. Fikir verin, Paşinyan elə danışır ki, sanki başqa bir ölkənin rəsmiləri onun daxili işinə qarışıblar. Bu xüsusda Dağlıq Qarabağdakı bəzi strukturların, vəzifə sahiblərinin adını çəkir. Göstərmək istəyir ki, dövlət mexanizminin bütün komponentləri orada mövcuddur. Hətta məndə belə şübhələr var ki, Paşinyan seçkilərdən sonra yeni formalaşacaq parlament vasitəsilə Dağlıq Qarabağın “müstəqilliyini” tanıya da bilər. Bundan sonra həmin istiqamətdə dünyanın başqa dövlətləri ilə də iş aparılacaq. Buna görə də Paşinyanın Saakyana ünvanladığı hədələr səhnələşdirilmiş bir teatrın tərkib hissəsidir”.
Məhəmmədəli QƏRİBLİ