“Göründüyü kimi, ortada böyük təşəbbüskarlıq məhsuldarlığı mövcuddur”
Avropa üzrə İqtisadi Komissiyanın (UNECE) icraçı katibi Olqa Alqayerova Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. O. Alqayerova təmsil etdiyi qurumla Azərbaycan Hökuməti arasında BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi üzrə Birgə Bəyanatın imzalanmasını təqdirəlayiq hal kimi göstərərək, Azərbaycanın ümumiyyətlə BMT orqanları sistemində, o cümlədən UNECE-də təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib. O, ölkəmizə hazırkı səfərində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri ilə görüşün təşkilini bu istiqamətdə atılan səmərəli praktiki addım kimi səciyyəndirib.
Diqqətçəkən məqam budur ki, ali qonaq Azərbaycanın BMT orqanları sistemində təşəbbüskar mövqeyi ilə seçildiyini, qurumun fəaliyyətinə mühüm töhfə verdiyini yüksək dəyərləndirib. Qeyd edilən təşəbbüskar mövqeyi nə ilə izah edə bilərik?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan-BMT əlaqələri daim yüksək dinamika üzrə inkişaf edib: “Bu əməkdaşlıqla yanaşı, ölkəmiz ciddi şəkildə təşəbbüskar mövqe də ortaya qoyur. Təkcə bu il ərzində ölkəmizin təşəbbüsü ilə bu ali qurumda bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Məsələn, BMT-nin İnsan Hüquqları Şurasının davam edən 38-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü, 126 BMT-yə üzv dövlətin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həmmüəllifliyi ilə Birgə Bəyanat səsləndirilib. Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin 2/3-si tərəfindən dəstəklənib.
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin Baş katibi tərəfindən təyin edilməsi baş tutan BMT-nin insan hüquqları üzrə yeni ali komissarından BMT üzv dövlətlərinin gözləntiləri əksini tapıb.
Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılıb və təyin olunan yeni ali komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılıb.
Bununla yanaşı, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə bu sahədə mühüm işlər görüb. Azərbaycan öz Könüllü Milli Hesabatını BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edən ilk ölkələrdən biridir. Ötən dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə dair müxtəlif müzakirələr aparılıb. Azərbaycan Hökuməti bununla bağlı bir sıra tədbirlər görüb. Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının martın 22-də Cenevrədə keçirilən 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri təşkilatın İnsan Hüquqları Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk sənəddir. Bu, Azərbaycanın son 11 ayda BMT səviyyəsindəki təşəbbüslərindən irəli gələn fəaliyyətin qısa göstəricisidir. Göründüyü kimi, ortada böyük təşəbbüskarlıq məhsuldarlığı mövcuddur”.
Məhəmmədəli QƏRİBLİ